3 C
Baku
Monday, January 19, 2026

Trampın Qrenlandiya ilə bağlı rüsum planları fonunda qızılın qiyməti 4700 dollara yaxınlaşıb

Ticarət məlumatlarına əsasən, dərhal tədarüklə (spot) qızılın qiyməti 2,1% artaraq pik nöqtədə 4690,75 dollara çatıb ki, bu da yeni tarixi rekorddur. Gümüşün qiyməti də maksimumunu yeniləyərək 4,7% bahalaşıb və 94,1365 dollar olub.

Bakı vaxtı ilə saat 12:26-a olan məlumata görə qiymətli metalların bahalaşma tempi zəifləyib. Qızıl 1,6% artaraq bir unsiya üçün 4668,6 dollar, gümüş isə 3,5% bahalaşaraq 93,11 dollar səviyyəsində ticarət olunub. Fevral ayı üçün qızıl fyuçersləri Çikaqo Əmtəə Birjasında pikdə 4698 dollara çatıb, saat 12:26-da isə 4673,7 dollar (+1,7%) səviyyəsində olub. Mart ayı üçün gümüş kontraktlarının qiyməti 93,1 dollar (+5,15%) təşkil edib.

“Bloomberg” yazır ki, qiymətli metalların bahalaşmasına ABŞ prezidenti Donald Trampın Avropa ilə ticarət sahəsində təzyiqləri gücləndirməsi və Qrenlandiya üzərində nəzarət əldə etməyə çalışması səbəb olub. Tramp fevralın 1-dən Danimarka, Norveç, İsveç, Finlandiya, Fransa, Almaniya, Niderland və Böyük Britaniyadan idxal olunan mallara 10% rüsum tətbiq etmək niyyətini açıqlayıb. Buna səbəb kimi həmin ölkələrin Qrenlandiyada hərbi təlimlər üçün qoşun göndərməsi göstərilib.

Yaxın vaxtlarda Avropa ölkələrinin liderləri cavab tədbirlərini müzakirə etmək üçün fövqəladə iclas keçirəcək, “Bloomberg” bildirir. Mənbələrin sözlərinə görə, müzakirə olunan variantlar arasında ABŞ mallarının idxalına 93 mlrd avro məbləğində cavab rüsumlarının tətbiqi də var. Bundan başqa, Fransa prezidenti Emmanuel Makron “məcburiyyətə qarşı alət”dən (Anti-Coercion Instrument, ACI) istifadə olunmasını gündəmə gətirə bilər. Bu mexanizm üçüncü ölkələrin təzyiqi halında Avropa qurumlarına geniş iqtisadi cavab tədbirləri görmək səlahiyyəti verir və ABŞ şirkətlərinin Avropa İttifaqınin daxili bazarına çıxışını məhdudlaşdıra bilər, “Financial Times” yazıb.

“Saxo Markets”in baş investisiya strateqi Çaru Çanana hesab edir ki, Qrenlandiya ətrafında yaranmış ticarət gərginliyi Trampın əvvəl tətbiq etdiyi “azadlıq günü” tariflərindən fərqlənir və “daha dərin geosiyasi çatlaq”a işarə edir. Onun sözlərinə görə, NATO daxilindəki ölkələrə qarşı rüsum təhdidi etimada ciddi zərbədir və risk mükafatının artmasına səbəb ola bilər.

Qiymətli metallar 2026-cı ildə kəskin bahalaşıb, halbuki 2025-ci ildə də güclü artım nümayiş etdirmişdi. Trampın Qrenlandiya ilə bağlı planları ilə yanaşı, buna ABŞ hərbçilərinin Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatı və prezident administrasiyasının Federal Rezerv Sisteminə təzyiqləri də təsir göstərib. Bu amillər investorların mərkəzi bankın müstəqilliyi ilə bağlı narahatlığını yenidən artırıb.

Əlavə impuls isə investorların digər aktivlərdən, xüsusən də Çindəki treyderlərin — kütləvi şəkildə qızıl və gümüşə keçidi olub. Keçən həftə birja fondlarında qızıl ehtiyatları 0,9% və ya 29 ton artıb ki, bu da 2025-ci ilin sentyabrından bəri ən böyük artım olub.

Bir çox analitiklər qızıl və gümüş qiymətlərinin artımını davam etdirəcəyini gözləyir. “Citigroup” proqnozlaşdırır ki, qızıl üç aylıq perspektivdə bir unsiya üçün 5000 dollara, gümüş isə 100 dollara çata bilər. “Capital.com” analitiki Kayl Rodda bildirir ki, ticarət siyasətindəki yeni qeyri-müəyyənlik iqtisadi artım perspektivlərini zəiflədir, ABŞ-nin xarici siyasəti isə dollara olan etimadı azaldır, bu da “qızıl və gümüş üçün ideal kombinasiya”dır.

Son xəbərlər
Digər xəbərlər