3 C
Baku
Tuesday, January 27, 2026

Trampın reytinqi 38%-ə düşüb

ABŞ Prezidenti Donald Trampın populyarlıq reytinqi Vaşinqton administrasiyasının immiqrasiya siyasətindən amerikalıların narazılığı fonunda 38%-ə enib. Bu barədə bazar ertəsi “Reuters” agentliyi və “Ipsos” xidmətinin birgə keçirdiyi sorğunun nəticələrində bildirilir.

Respondentlərin 38%-i Trampın dövlət başçısı kimi fəaliyyətini müsbət qiymətləndirib (ayın ortalarında bu göstərici 41% idi). Sorğuda iştirak edənlərin 59%-i isə əks mövqedədir. Qalanları cavab verməyib. Trampın miqrasiya sahəsi ilə bağlı qərarlarını respondentlərin 39%-i bəyənib ki, bu da onun 20 yanvar 2025-ci ildəki inaqurasiyasından bəri ən aşağı göstəricidir, 53% isə bununla razılaşmayıb. Sorğuda iştirak edənlərin 58%-i ABŞ İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) ölkədə qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında “həddindən çox inkişaf etdiyini” bildirib.

Məlumatlara görə, respondentlərin 35%-i mövcud Vaşinqton administrasiyasının iqtisadi kursunu effektiv hesab edir, 56% isə bundan narazıdır. Sorğu 23–25 yanvar tarixlərində ABŞ-də yaşayan 1 139 yetkin şəxs arasında keçirilib.

“Reuters” və “Ipsos”un mütəmadi apardığı bu cür araşdırmaların nəticələrinə əsasən, Trampın reytinqi inaqurasiyadan sonra yalnız bir dəfə 38%-ə enib. Bu, ötən ilin noyabrında baş verib. Trampın ikinci prezidentlik dövründə ən yüksək göstərici isə 2025-ci ilin yanvarında qeydə alınıb. Həmin vaxt respondentlərin 47%-i ABŞ liderinin fəaliyyətini müsbət qiymətləndirirdi.

Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. O, inaqurasiyadan dərhal sonra ABŞ–Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında fərman imzalayıb. Amerika lideri ABŞ tarixində ən genişmiqyaslı qeyri-qanuni miqrantların deportasiyası əməliyyatını həyata keçirmək niyyətində olduğunu da bəyan edib. Son aylarda ABŞ-nin bir çox iri şəhərlərində genişmiqyaslı etiraz aksiyaları keçirilib. Etirazçılar Tramp administrasiyasını qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə həddindən artıq sərt tədbirlər görməkdə və səlahiyyət həddini aşmaqda ittiham ediblər.

ABŞ-nin Minneapolis şəhərində (Minnesota ştatı) növbəti etiraz dalğası 24 yanvarda sərhəd xidmətinin əməkdaşının bir kişini güllələməsindən sonra başlayıb. Daxili Təhlükəsizlik Nazirliyi bildirib ki, ölən şəxs əməkdaşlar onun əlindən silahı almağa çalışarkən müqavimət göstərib. Yanvarın 7-də isə qeyri-qanuni miqrantların axtarışı üzrə əməliyyat zamanı İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin əməkdaşları yolun ortasında avtomobili saxlayan qadından nəqliyyat vasitəsindən düşməyi tələb ediblər. Avtomobil irəli hərəkət etməyə başlayanda qurumun əməkdaşlarından biri sürücüyə atəş açıb, qadın aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər