Bitcoin və Ripple (XRP) bazar ertəsi kəskin ucuzlaşan aktivlər arasında oldu. Kriptovalyuta investorları itkilərinə görə bu bazarı “dirçəldən” Prezident Donald Trampı “günahlandıra” bilərlər.
Banker.az xəbər verir ki, dünyanın ümumi bazar dəyərinə görə ən böyük kriptovalyutası olan Bitcoin, erkən ticarət saatlarında 2.5% ucuzlaşaraq 95 344 dollara düşdü – cümə günü 105,000 dolların üzərində idi. Bəzi saatlarda hətta 90 00 dollara qədər eniş yaşadı.
Ripple Labs-ın rəqəmsal ödəniş platformasında əməliyyatların həyata keçirilməsi və tənzimlənməsi üçün istifadə olunan digər böyük kapitallı token olan XRP isə 10%-dən çox ucuzlaşaraq 2.20 dollara düşdü – cümə günü 3 dolların üzərində ticarət olunurdu.
Kriptovalyutalar, Trampın ticarət savaşını sürətləndirməsi fonunda genişmiqyaslı bazar satışı ilə birlikdə kəskin düşdü. Tramp şənbə günü Kanada və Meksikaya 25% tarif, Çinə isə 10% vergi tətbiq etdi. Kanada və Meksika artıq 25%-lik tariflərə cavab verəcəklərini açıqlayıb, Çin isə Dünya Ticarət Təşkilatına şikayət edəcəyini bildirib.
Rəqəmsal aktivlərin qiymətindəki azalma daha geniş tendensiyanın bir hissəsidir: Tramp noyabrın 5-də prezident seçildikdən sonra tokenlər yüksəldi, lakin ötən ay vəzifəyə başladıqdan sonra fond bazarları ilə birlikdə hərəkət etməyə başladı.
“Bitcoin-in son performansı qlobal iqtisadi hadisələrə artan həssaslığını vurğulayır,” – “Bitget Research” analitiki Rayan Li bildirib. “Cari reaksiya göstərir ki, geosiyasi gərginliklər və siyasət qərarları getdikcə daha çox kriptovalyuta bazar dinamikasına təsir edir.
Digər kriptovalyutalar da bazar ertəsi ucuzlaşdı. Ethereum 12%, Solana 3.7% və əvvəllər Trampın müttəfiqi İlon Mask tərəfindən dəstəklənən “meme token” Dogecoin 7.9% düşərək 25 sentdən aşağı səviyyəyə endi.