Bu gün neft qiymətləri ucuzlaşıb. Buna səbəb ABŞ Prezidenti Donald Trampın Venesuelanın sanksiya altında olan 30–50 milyon barel nefti ABŞ-a “təhvil verəcəyini” deməsi olub.
Banker.az xəbər verir ki, ABŞ-ın WTI markalı xam nefti 0.78 dollar və ya 1.37% ucuzlaşaraq 56.35 dollar/barel səviyyəsinə enib. Brent markalı neftin fyuçersləri isə 0.61 dollar və ya 1% azalaraq 60.09 dollar/barel olub.
Əvvəlki ticarət sessiyasında hər iki bençmarkın qiymət 1 dollardan çox geriləyib. Bazar iştirakçıları bu il qlobal təklifin bol olacağı gözləntilərini, Venesuelanın lideri Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsindən sonra ölkənin neft hasilatı ilə bağlı qeyri-müəyyənliklə müqayisə ediblər.
“Bu neft bazar qiyməti ilə satılacaq və əldə olunan vəsait ABŞ Prezidenti olaraq mənim nəzarətimdə olacaq ki, həm Venesuela, həm də ABŞ xalqının xeyrinə istifadə edilsin” – deyə, Tramp çərşənbə axşamı sosial şəbəkədə yazıb.
“Moomoo ANZ”nin bazar strateqi Tina Tenqin sözlərinə görə, Trampın paylaşımı onun təklifi məhdudlaşdırmaqdansa artırmağa üstünlük verdiyini göstərir ki, bu da qlobal bazarda artıq təklif narahatlığını gücləndirir.
Bu arada, Reuters-ə danışan iki mənbənin bildirdiyinə görə, Karakasla Vaşinqton arasında əldə olunan razılaşma ilkin mərhələdə Çinə yönəlmiş yüklərin yenidən istiqamətləndirilməsini tələb edə bilər.
Venesuela əsas neft markası olan “Merey”ni ölkə limanlarında Brent-dən təxminən 22 dollar/barel aşağı qiymətlə satır. Bu da sövdələşmənin dəyərini 1.90 milyard dollara qədər yüksəldə bilər.
Hazırda bu neft axını tam şəkildə “Chevron” şirkətinin nəzarətindədir. Şirkət PDVSA-nın əsas birgə tərəfdaşıdır və ABŞ-ın verdiyi icazə çərçivəsində fəaliyyət göstərir.
Gündə 100 000–150 000 barel Venesuela neftini ABŞ-a ixrac edən “Chevron” son həftələrdə blokada şəraitində Cənubi Amerika ölkəsindən neft yükləyib fasiləsiz daşıyan yeganə şirkət olub.
“Venesuelanın ABŞ-a neft ixracı ilk növbədə ABŞ bazarını pozub və bu, qlobal artıq təklifi daha da dərinləşdirəcək”- deyə, Çində səaliyyətdə olan “Haitong Futures” analitiki Yanq An bildirib.
“Haitong Futures” hesabatında qeyd edib ki, ilin əvvəlində mürəkkəb geosiyasi dəyişikliklər bazarın diqqətini cəlb edib və bu, artıq təklif fonunda fiziki neft bazarındakı zəifliyin çox vaxt nəzərdən qaçırılmasına səbəb olub. Şirkətin əlavə etdiyinə görə, Yaxın Şərq neftinin qiymətləri enməyə davam edərək regionlararası qiymətləndirmədə ən zəif seqmentə çevrilib və bu da investorların qazanc dalınca getmək istəyini azaldıb.
“Morgan Stanley” analitikləri hesab edirlər ki, keçən il tələbin zəif artımı və OPEC ilə OPEC-dən kənar istehsalçıların hasilatının yüksəlməsi fonunda 2026-cı ilin ilk yarısında neft bazarında gündə 3 milyon barelə qədər profisit yarana bilər.
Bu arada, bazar mənbələrinin “American Petroleum Institute” (API) məlumatlarına istinadən bildirdiyinə görə, ötən həftə ABŞ-da xam neft ehtiyatları azalıb, yanacaq ehtiyatları isə artıb. API məlumatları xam neft ehtiyatlarının 2.77 milyon barel azaldığını göstərib.
ABŞ hökumətinin rəsmi neft ehtiyatları statistikası çərşənbə günü Bakı vaxtı ilə 19.30 radələrində açıqlanacaq.
Sorğuda səkkiz analitik orta hesabla 2 yanvarda bitən həftədə xam neft ehtiyatlarının təxminən 500 000 barel artdığını proqnozlaşdırıb. Lakin bu gpstəricilər bir daha xatırladırıq yalnız qısa müddətli təsir imkanı olan göstəricidir.







