“Azərbaycan hələ ki, “Avrasiya ölkələri üçün vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi layihəsi”nin (BEPS) tam iştirakçısı deyil”.
Report agentliyi bunu vergilər nazirinin müavini İlkin Vəliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi layihənin icrası üçün Avropa ölkələrinin müvafiq qurumları ilə sazişlər imzalamaqdadır.
“Bundan başqa, son 2 ildə Azərbaycanın vergi qanunvericiliyinə yeni müddəalar əlavə edilib. Ümumilikdə BEPS-in 15 tələbi mövcuddur ki, bunlardan bəzilərini yerinə yetirmişik. Bəzən transmilli şirkətlər mənfəətini başqa ölkəyə yönəldir. İnformasiya mübadiləsi aparmaqla və qiymətqoymaya nəzarət etməklə həmin mənfəəti yerləşdiyi ölkədə, o cümlədən Azərbaycanda vergiyə cəlb etmək mümkün olacaq”, – deyə nazir müavini qeyd edib.