İngiltərənin “TrueLayer” fintex-startapı 1 milyard dollardan çox qiymətləndirmə ilə 130 milyon dollar investisiya cəlb edib.
Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamalarına istinadən “Reuters” məlumat verib. Beləliklə, startap “təkbuynuzlu” statusunu qazanmış olub.
Vurğulanır ki, maliyyə raundunda Amerikanın “Tiger Global Management” şirkəti və “Stripe” ödəniş sistemi iştirak edib.
“TrueLayer” 2016-cı ildə Londonda qurulub. İndi şirkət Avropanın 14 ölkəsində fəaliyyət göstərir, yaxın aylarda isə Avstraliya bazarına çıxmağı planlaşdırır. Fintex-startapın müştəriləri arasında İngiltərənin “Freetrade” investisiya xidməti, “Cazoo” avtomobil marketpleysi və “Revolut” startapı şirkəti var.
“TrueLayer” şirkəti “Revolut” və “Freetrade” kimi fintex-tətbiqlərə müştərilərin bank hesablarına qoşulmağa imkan verir. Bunun sayəsində tətbiq istifadəçiləri bank hesablarından ödəniş edə, o cümlədən əvvəlki əməliyyatlara baxa bilərlər.
2021-ci ildə startap müştəri bazasını iki dəfə artırıb, “TrueLayer” vasitəsilə həyata keçirilən aylıq ödənişlərin həcmi isə 400% yüksəlib.