ABŞ prezidenti Donald Tramp və onun iqtisadi müşaviri Piter Navarro əsas ticarət tərəfdaşı olan Almaniya, Yaponiya və Çini valyutalarını devalvasiya edərək amerikalı istehlakçılara və şirkətlərə zərər vurmasında ittiham ediblər. “Reuters” agentliyinə istinadən xəbərə görə, dünən, yanvarın 31-də “Ağ Ev”də Trampın əczaşılıq şirkətləri ilə keçirdiyi iclasdan sonrakı açıqlamaları və Navarronun qəzetlərə verdiyi müsahibə yeni ABŞ hökumətinin “güclü dollar” dövrünü bitirmək istədiyini göstərib. Onlar, Klinton administrasiyası dövründə başlayan və indiyədək davam edən siyasəti dəstəkləmədiklərini qeyd ediblər.
Tramp və Navarronun açıqlamaları maliyyə bazarlarında dünya ticarətinin gələcəyi ilə bağlı narahatlıqlar yaradıb və dolların məzənnəsi avro və yenə qarşı enib. Dolların ucuzlaşması P.Navarronun “Financial Times”a verdiyi müsahibəsində avronun “gizli alman markası” olduğunu bildirməsi ilə başlayıb.
Daha sonra isə Tramp açıqlamalarında bütün ölkələrin devalvasiya ilə yaşadığını bildirib: “Çinin, Yaponiyanın nə etdiyinə baxırsan, onlar valyuta bazarı ilə, devalvasiya ilə oynayır. Biz isə bir topa axmaq kimi oturmuşuq”.