Dünyanın ən böyük mikrosxem tədarükçüsü “TSMC” (“Taiwan Semiconductor Manufacturing Company”) istehsal qiymətlərini artırdığını açıqlayıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Verilən məlumata görə, tariflər 2021-ci ilin dekabr ayında qüvvəyə minəcək və istehsal olunan məhsulların yekun qiymətinə təsir edəcək.
Məsələn, qabaqcıl prosessorlar 10% bahalaşacaq. Bu texnologiya bir çox müasir şirkətlər tərəfindən istifadə olunur (“Ryzen”, “Snapdragon” və “Silicon”). Dünya yarımkeçiricilər bazarının 56%-i “TSMC” şirkətinin payına düşür. Onun ən yaxın rəqibi “Samsung” çiplərin cəmi 18%-ni istehsal edir, qalan şirkətlər isə 10%-dən az yer tutur.
Qeyd edək ki, son altı ay ərzində mikrosxemlərə olan tələbat tarixin ən yüksək həddinə çatıb. Sifarişləri vaxtında yerinə yetirmək üçün müəssisələr istehsal həcmini artırır ki, bu da əlavə risklərə və avadanlıqların istismar olunmasına səbəb olur.
“Digitimes”ın məlumatına görə, “TSMC” – qiymətləri artıracaq yeganə istehsalçı deyil. Hesabatda həmçinin Tayvanın “PSMC” və UMC” şirkətlərinin adları çəkilir.