Dünyanın ən böyük çip istehsalçısı “Taiwan Semiconductor Manufacturing Company”nin (TSMC) səhmləri üçüncü rüb maliyyə hesabatından və optimist proqnozdan sonra tarixi maksimumu yeniləyib, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
Bildirilir ki, oktyabrın 18-də ticarətin bağlanışında TSMC səhmləri 4.83% artaraq 1085 Tayvan dollarına (33.8 ABŞ dolları) çatıb. TSMC-nin kapitallaşması təqribən 874 milyard dollar təşkil edib ki, bu da onu Asiyada qeydiyyatdan keçmiş şirkətlər arasında ən dəyərli edir.
Daha əvvəl TSMC 2024-cü ilin üçüncü rübü üçün gözləntiləri üstələyən maliyyə nəticələrini açıqlayıb. Rüblük mənfəət 54% artıb, eyni zamanda şirkət illik gəlir proqnozunu artırıb.
TSMC-nin optimist proqnozu fonunda “Nvidia”nın da səhmləri yüksəlib. Oktyabrın 17-də ticarətin sonunda qiymətli kağızlar 136.93 dollar (+0.89%) səviyyəsində ticarət edilib. “Nvidia” səhmləri bu gün 16:43-də premarket ticarətində 1.3% bahalaşıb.