Bildiyiniz kimi, hazırda yay mövsümüdür və bununla əlaqədar bir çox turizm şirkətləri avtomobil və avtobuslarla turistləri bir məkandan digər məkana apamaqla həm də onlara xidmət göstərirlər. Bəs görəsən turagentlər nəqliyyat vasitəsilə xidmət göstərən vergi ödəyicisindən aldığı komisyon haqqından nə qədər vergi ödəməlidir?
Bunu misalla izah etmək olar: A turizm şirkəti B nəqliyyat vasitəsilə xidmət göstərən vergi ödəyicisi ilə komission əsasında müqavilə bağlayır. Təhvil – təslim aktı və post terminal vasitəsi ilə ödəniş etdiyi üçün qəbz əsasında turistdən aldığı 50 manatı sərnişin daşıyan vergi ödəyicisinə köçürdür. Göstərdiyi agent xidməti üçün 5 faiz yəni 2 manat 50 qəpik məbləğində elektron qaiməni sərnişin daşıma vergi ödəyicisinə təqdim edir. Bunun müqabilində B vergi ödəyicisi 2 manat 50 qəpik vəsaiti A turizm şirkətinin bank hesabına köçürür. Belə olan halda 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.
Buna əsasən 1 yanvar 2019-cu il tarixdən etibarən turagent əldə etdiyi komisyon haqqından gəlir (mənfəət) vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Yəni A turizm şirkəti 2 manat 50 qəpik vəsaitdən xərclər çıxılmaqla, 20 faiz gəliri vergiyə cəlb edilir.
İqtisadçı-ekspert Rauf Qarayev