19 C
Baku
Wednesday, October 15, 2025

“Turan Bank” ilk üç rübdə ₼92 mln. gəlir əldə edib – Aktivlər ₼900 mln.-a yaxınlaşıb

“Turan Bank” ASC-nin 2025-ci ilin 9 ayında 92,34 mln. manat cəmi gəlir əldə edib. Bu ötən ilin eyni dövründəki 81,42 mln. manatla müqayisədə 13,4% artımdır.

Banker.az bunu Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Faiz gəlirləri illik müqayisədə 12,6% artaraq 66,66 mln. manatdan 75,11 mln. manata yüksəlib. Bu artımın əsas hissəsi müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin 60,23 mln. manatdan 69,16 mln. manata, yəni 14,8% çoxalması ilə bağlıdır.

Faiz xərcləri 36,13 mln. manatdan 39,39 mln. manata, yəni 9% artıb. Depozitlər üzrə faizlərdə əksinə, azalma müşahidə olunub – 28,37 mln. manatdan 26,16 mln. manata enib.

Qeyri-faiz gəlirləri 14,76 mln. manatdan 17,23 mln. manata, təxminən 16,8% artıb. Bu bölmədə əsas artım komissiya gəlirlərində (26%) və xarici valyutadan əldə olunan gəlirlərdə (9%) müşahidə olunub. Qeyri-faiz xərcləri də artaraq 27,97 mln. manatdan 31,53 mln. manata yüksəlib (12,7%). Əmək haqqı və digər kompensasiya xərcləri 20%, amortizasiya xərcləri isə 17% artıb.

Nəticədə dövr üzrə xalis mənfəət də eyni məbləğdə olub 1,6 mln. manat olmaqla illik 3,8% azalıb.

Aktivlərin ümumi həcmi 849,83 mln. manatdan 892,53 mln. manata yüksələrək 5% artıb. Artım əsasən müştərilərə verilmiş kreditlər hesabına baş verib. Müştəri kreditləri 651,83 mln. manatdan 710,93 mln. manata, yəni 9,1% çoxalıb. Kredit portfelində ən böyük artım istehlak kreditlərində müşahidə olunur – bu seqment 156,3 mln. manatdan 206,1 mln. manata, yəni 31,8% artıb. Biznes kreditləri demək olar ki, sabit qalıb (yalnız 0,4% artım), daşınmaz əmlak kreditləri isə 6% artıb. Bu göstəricilər göstərir ki, bank son dövrdə pərakəndə (istehlak yönümlü) kreditləşməyə daha çox diqqət yetirir.

Digər tərəfdən, ticarət və investisiya qiymətli kağızları portfeli 28,3 mln. manatdan 16,1 mln. manata enib (43% azalma).

Öhdəliklər 747,87 mln. manatdan 787,96 mln. manata qədər (5,4%) artıb. Bunun əsas səbəbi kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərin 43% artaraq 109,39 mln. manatdan 156,47 mln. manata yüksəlməsi olub. Fiziki şəxslərin depozitləri isə 5,3% artıb, hüquqi şəxslərin depozitləri isə 37,6% azalıb.

Kapital 101,96 mln. manatdan 104,58 mln. manata, yəni 2,6% artıb.

Son xəbərlər
Digər xəbərlər