®IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə aprelin 11-də “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası təşkil edilmişdir. Məlumat üçün bildirək ki, bu tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilmişdir. Keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına ölkənin aparıcı banklarından biri olan TuranBank da qoşulmuşdur.
Aksiya zamanı 8 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalması fonunda yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən yaşıllıqların qorunması ilə bağlı maarifləndirilməyə töhfə verməkdir.
Qeyd edək ki, TuranBank ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi ilə birgə planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir.
TuranBank
Bizimlə etibarlıdır…