“TuranBank” ASC bu ilin I rübünü 1 milyon 13 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 105 min manat olub ki, bu da illik müqayisədə 9.6 dəfə artıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Yanvar-mart aylarında “TuranBank”ın gəlirləri 15 milyon 235 min manat (illik müqayisədə 47.4% çox), xərcləri 13 milyon 719 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il aprelin 1-nə “TuranBank”ın aktivləri 751 milyon 594 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 5% çoxdur. Bunun 456 milyon 965 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 3 ayda Bankın kredit portfeli 5% böyüyüb.
DEPOZİT PORTFELİ ARTIB
Hesabat dövründə “TuranBank”ın öhdəlikləri 6% artaraq 663 milyon 249 min manata, o cümlədən depozit portfeli 4% arataraq 432 milyon 214 min manata, balans kapitalı 1.5% artaraq 88 milyon 345 min manata çatıb.
Xatırladaq ki, “TuranBank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 55.3%-i 20 fiziki şəxsə, 44.7%-i isə 8 hüquqi şəxsə məxsusdur.