Yaponiyanın düyü ehtiyatları turizm bumu və zəif məhsula səbəb olan anomal istilər nəticəsində son onilliklərin ən aşağı səviyyəsinə düşüb, qıtlıq fonunda qiymətlər son 30 ilin ən yüksək həddinə çatıb.
Bu barədə Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzeti yazır.
Yaponiya Kənd və Meşə Təsərrüfatı və Balıqçılıq Nazirliyinin məlumatlarından sitat gətirilən məqalədə iyun ayında özəl sektorda düyü ehtiyatlarının keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalaraq 1,56 milyon tona düşdüyü vurğulanır. Bu, hakimiyyətin müqayisə oluna bilən məlumatları toplamağa başladığı 1999-cu ildən bəri ən aşağı göstəricidir.
İdarə düyü ehtiyatlarının bu cür kəskin azalmasını 2023-cü ildə məhsula mənfi təsir göstərən istilərlə izah edir: Yaponiyada keçən ilin sentyabr ayı son 125 ilin ən isti sentyabr ayı olub. Bundan əlavə, nazirlik qıtlığa səbəb olan səbəblər arasında su çatışmazlığını, eləcə də ölkəyə gələn turistlərin məhsula olan tələbatını qeyd edir.
Son bir ildə Yaponiyada düyü istehlakı yeddi milyon tona yüksəlib ki, bu da bir il əvvəlkindən 100 min ton çoxdur. Eyni dövrdə turistlərin sayı da əhəmiyyətli dərəcədə artıb: 2024-cü ilin birinci yarısında artıq 17,78 milyon qonaq Yaponiyanı ziyarət edib ki, bu da pandemiyadan əvvəlki dövrlə müqayisədə 1 milyon nəfər çoxdur.
Nazirliyin hesablamalarına görə, gündə iki dəfə düyü yeyən turistlər tələbatın əvvəlki ilə nisbətən 2,7 dəfə (51 min ton) artmasına səbəb olub.
Qəzet qeyd edir ki, qıtlıq fonunda düyünün ticarət qiyməti son 30 ilin ən yüksək həddinə çatıb, topdansatışla məşğul olanların isə ehtiyatları tükənir, bəzi supermarketlər qiymətləri daha da artırmaq və alışı məhdudlaşdırmaq qərarına gəliblər. Düyü ilə bağlı vəziyyətin bu il məhsul əldə edilənə qədər (sentyabr ayınadək) davam edəcəyi gözlənilir.
Yaponiyanın milli “Asahi Shimbun” qəzeti yazır ki, qiymət təzyiqinə baxmayaraq, hökumətin 910 min tonluq ehtiyatından istifadə etmək planları yoxdur. Bu ehtiyatlar 1993-cü ildə ölkədə kritik düyü qıtlığı olan zaman yaradılıb. Belə ki, həmin vaxt Yaponiyada yay ayı qeyri-adi dərəcədə sərin olmuş, nəticədə məhsuldarlıq çox aşağı düşmüşdü.