“Turizmə strateji yanaşma ortaya qoymalıyıq” – Ekspert

0

Azərbaycanın turizm gəlirləri və ölkəyə gələn turistlərin  sayı ilə bağlı statistik göstəricilər pozitivdir. Lakin Bakıda və regionlarda istirahət mərkəzlərinə, əyləncə məkanlarına, turistik obyektlərə səfər edərkən vizual olaraq görünür ki, turistlərin, xüsusən də ərəb ölkələrindən gələnlərin sayı öncəki illərlə müqayisədə kəskin azalıb.

Statistikada isə əks olunur ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan üzrə mehmanxanalarda 1 327,5 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur. Gecələmələrin 63,3  faizi Bakıda, 8,7  faizi Qəbələdə, 4  faizi Naftalanda, 3,9  faizi Qubada, 3,8  faizi Qusarda, 3,4  faizi Naxçıvan Muxtar Respublikasında, 1,6  faizi Xaçmazda, 1,3  faizi Mingəçevirdə, hər birində 0,9 faiz  olmaqla Qax və Gəncədə, 8,2  faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 954,2 min olub ki, bu da ümumi gecələmələrin 71,9 faizini təşkil edir. Gecələmələrin 12,9  faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,2  faizi Rusiya, 8,7  faizi Səudiyyə Ərəbistanı, 5,9  faizi Hindistan, 5,6  faizi İsrail, 5,4  faizi Türkiyə, 5  faizi İran, 3,8  faizi Böyük Britaniya, 3,3  faizi Küveyt, 2,1  faizi ABŞ, 2  faizi Pakistan, 1,9  faizi Qətər, hər biri üzrə 1,5 faiz olmaqla Qazaxıstan və İraq, 1,3  faizi Çin, 1,2  faizi Almaniya, 25,7  faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz  çox və ya 187,7 mln. manat olub ki, onun da 66,1  faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8  faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7  faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,4  faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Ekspertlər isə hesab edir ki, qonşu Türkiyə və Gürcüstanla müqayisədə Azərbaycan turizmi kifayət qədər geridədir və bu sahədə hələ çox işlər görülməlidir. Əsas məqsəd isə ölkəmizə gələn turistlərin təkrar olaraq Azərbaycanı seçməsini təmin etməkdir. Görünür, hələ ki bu məsələdə müəyyən çətinliklər var və o baxımdan iki il öncə axın edən ərəb turistlər artıq yoxa çıxıb.

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, turizm çox geniş bir sahədir və məsələyə heç bir halda birmənalı yanaşmaq olmaz: “Turizm konseptual yanaşma tələb edir. Bu elə bir sahədir ki, iqtisadiyyatın 54 fərqli seqmenti ilə birbaşa əlaqəlidir. Yəni bütün bu seqmentlərin harmoniyasını yarada, uzlaşdıra bilmirsənsə nəticə əldə etmək çətin olur. Bütün sahələrdə müəyyən işlərin əldə edilməsinə ehtiyac var. Burada bizim qeyd etdiyimiz viza məsələsi çox önəmlidir. Bir Rumıniya vətəndaşı İrana vizasız gələ bilir, ancaq Azərbaycana gələ bilmir. Halbuki İran daha mühafizəkar ölkədir. Bu məsələlər kifayət qədər əhəmiyyətlidir. Regionda turizm sektoru ilə bağlı təhlil aparsaq, ölkəyə gələn hər 100 turistin təxminən 70-80 nəfəri 4 ölkədən gəlir – bunlar Rusiya, Türkiyə, Gürcüstan və İrandır. Bu 4 ölkədən ikisi ilə hələ viza rejimi tətbiq olunur, Türkiyə vətəndaşlarına tətbiq olunan viza rejimi isə sentyabr ayından etibarən aradan qalxır. İran və Türkiyəyə bu gün hələ də viza rejimi tətbiq olunur. Bu proses davam edir və Azərbaycana turist axını baxımından ciddi məhdudlaşdırıcı rol oynayır”.

İqtisadçı-ekspert Rəşad Həsənov

Həsənov hesab edir ki, belə olan halda biz mövcud potensialı qiymətləndirə bilmirik: “30 milyon azərbaycanlının yaşadığı İran kimi bir ölkə ilə bizim viza rejimimizin olması nə qədər potensial turistin ölkəyə gəlməsini məhdudlaşdıra bilər. Bundan başqa, bizim hava nəqliyyatı ilə sərnişindaşımada çox böyük problemlər var. Hava nəqliyyatı ilə sərnişindaşımanın tamamilə liberallaşdırılmasına ehtiyac var. Dünyada özünə müəyyən mövqe tapmış və eyni zamanda böyük təcrübəyə malik olan lou-kost şirkətlərin Azərbaycan bazarına daxil olması üçün şərait yaradılmalıdır. Bu istiqamətdə rəqabət formalaşmalıdır. Azərbaycana gələn turistlərin ən böyük maliyyə itkiləri transport xərclərinə, aviabiletlərə xərclənir. Bu məqam aradan qalxmalıdır. Sənayenin özü də bu prosesdə iştirakçılardan biri olmalıdır. Hər bir işi dövlət görə bilməz”.

İqtisadçı hesab edir ki, dövlət tərəfindən nə qədər yeni bazarlar aşkarlansa da, turizm sənayesindəki problemlər başlıca maneəyə çevrilib: “2015-ci ildən başlayaraq, ölkəyə valyuta daxilolmalarını artırmaq, tədiyyə balansındakı riskləri aradan qaldırmaq üçün turizm sektoruna hədəflənən bir siyasət müşahidə edirik. Burada yeni bazarların tapılması istiqamətində addımların atılmasına ehtiyac var. Körfəz ölkələrindən, Çindən, Hindistandan turistlərin ölkəmizə gətirilməsi istiqamətində iş aparılır. Ancaq bir neçə il sonra görürük ki, artıq həmin ölkələrdən, xüsusən də ərəb ölkələrindən gələnlərin sayında ciddi azalma baş verir.

Həmin bazarlar öncə müəyyən edildi, burada müəyyən dövlət siyasəti həyata keçirildi, viza rejimi sadələşdirildi, sərhəddə vizanın verilməsinə başlanıldı və turist sayı əhəmiyyətli dərəcədə artdı. Ancaq sənaye nə etdi? Gələn turistləri əlindən qaçırmaq üçün hər şeyi etdi. Çox bahalı qiymətlər, uyğun olmayan rəftar, qiymətə uyğun olmayan xidmət keyfiyyəti turistləri qaçırdı. Davamlı  olaraq hökumət axtarışdadır ki, artıq ölkədəki turizm qiymətlərindən və xidmətdən xəbərdar olan turistlər qaçır, bölgədən xəbəri olmayan yeni bazarlar tapılmalıdır, turistlər cəlb olunmalıdır. Bu da davamlı deyil, qısa müddətdən sonra artıq yeni bazarlarda da Azərbaycanın turizm sektorunda qiymətlərin yüksək olması məlum olacaq və turistlər gəlməkdən imtina edəcəklər”.

Ekspert hesab edir ki, turizm sahəsində çalışan iş adamları strateji yanaşma ortaya qoymalı və bu sahəyə töhfəsini verməlidir: “Təbii ki, dövlət öz sferasında addımlar atmalıdır, ancaq sənaye özü də strateji yanaşma ortaya qoymalıdır. Sadəcə, bu gün yaxşı gəlir əldə edim- yanaşması doğru deyil. Bunun üçün də sənayenin özündə liberallaşmaya ehtiyac var. Dövlət həm vergi siyasətini, həm də digər təşviqedici mexanizmləri işə salmaqla  sektora investisiya qoyuluşlarının artmasına nail olmalıdır. Xüsusilə də xarici investisiyanın cəlb olunmasına çalışmaq lazımdır. Əgər son 5 ilə nəzər salsaq, bu sahəyə 1 dollar belə xarici investisiya gəlməyib. Bu investisiya qoyuluşlarını artırmaq, təklifi çoxaltmaq lazımdır. Bu da sənayenin özünün içində  rəqabətin dərinləşməsi hesabına həm keyfiyyətin, həm də qiymətin optimallaşmasına şərait yaradacaq. Əks halda, dövlət davamlı yollar axtarmalı, yeni bazarlar tapmalı, turistlər cəlb etməlidir. Gələn turisti isə hazırkı qiymət və xidmət səviyyəsi qısa müddətdə ölkədən qaçırdır. Gürcüstanda isə ölkəyə gələn hər 100 turistdən təxminən 75 nəfəri təkrar gələn turistlərdir. Strateji hədəf bu olmalıdır ki, ölkəyə gələn turist bir də gəlsin. Ona görə də bu istiqamətdə konseptual yanaşmaya ehtiyac var. Turizm sektoru bir taksi sürücüsünün davranışından tutmuş bir  hotel sahibinin təklif etdiyi xidmətin keyfiyyətinə qədər, sərhəd xidmətində bir dövlət məmurunun rəftarına qədər bir çox məqamlardan asılıdır. Hər biri öz növbəsində töhfəsini verməyi bacarmalıdır ki, ümumi hədəfə nail olmaq mümkün olsun”.

Musavat.com