Müəyyən həzlər ilə bağlı arzular insan təbiətinə xas xüsusiyyətdir. Belə həzlərdən biri hansısa isti diyarlarda istirahət ola bilər. Hazırda bu elə də problem deyil, belə ki turizm təşkilatlarının əksəriyyəti turizm (səyahət) krediti təklif edirlər. Bu xidmətlərə putyovkanın qiyməti, adətən qidalanma və ekskursiya xərclərinin daxil olduğu yaşayış xərcləri aid edilir.
Məzuniyyət haqları kimi verilən pullar isə çox vaxt heç məzuniyyətin özü üçün bəs etmir. Lakin istənilən halda istirahət etmək istəyirsiniz. Məhz bu zaman kredit götürmək qərarı verilir. Lakin işin dərininə getsək, onda müəyyən edəcəyik ki, turizm krediti yalnız ilk on dəqiqə həzz yaşadacaq, daha sonra isə kreditin ödənilməsi ilə bağlı iri hesabları bütün il ərzində ödəmək lazım gələcək. Eyforiya hissi keçdikdən sonra kredit mənasız görünür. Xüsusilə də əgər televizor, soyuducu, mənzil və digər əşyalar da kreditə götürülübsə, onda vəziyyət daha da kritik həddə çatır.
Bizim fikrimizə görə belə davranış əsassızdır və tamamilə kreditə götürülmüş pullarla istirahət etmək axmaqlıqdır. Hərçənd belə bir istirahətə haqq qazandıra biləcək bir sıra şərtlər mövcuddur.
Birincisi, belə kredit növünü yaxın zaman çərçivəsində qaytarmalı olduğunuz digər kreditlər olmadığı təqdirdə götürmək olar.
Ikincisi, sizin daimi gəlir mənbəyiniz olmalıdır. Lakin yadda saxlamaq lazımdır ki, iqtisadi böhran zamanı gəlir gətirən hər iş heç də həmişə daimi qazancın təminatı deyil.
Üçüncüsü, yaxşı olardı ki, istirahətinizi artıq mövcud olan pullarla keçirəsiniz, krediti isə hər ehtimala qarşı ehtiyat üçün götürə bilərsiniz. Bunun üçün krediti nağd olaraq kassadan götürməyə ehtiyac yoxdur, kredit kartından istifadə edə bilərsiniz.
Pulları xərcləmək həvəsini öldürmək üçün gündəlik məhdudiyyətlər qoyun, məsələn, 20 manat. Kredit götürməyə hazırlaşdığınız bankı düzgün seçin. Kreditin uzunmüddətli dövrdə ödənilməsi halında cərimənin olmadığı, eləcə də aşağı faizli kredit olmasına diqqət yetirin. Yadda saxlamaq lazımdır ki, səyahət özünün bütün təəssüratları ilə ancaq kamera və fotoaparatların yaddaşında qalacaq, krediti isə hələ uzun müddət ödəməli olacaqsınız ki, bu da yaxşı keçirilmiş istirahəti unutdurur. Buna görə də bu addımı atmamışdan qabaq yüz ölçüb bir biçmək və səmərəli variantı seçmək lazımdır.
Qeyd edək ki, Azərbaycanda turizm və ya səyahət krediti adı altında banklar tərəfindən belə xidmət həm nağd, həm də kredit kartı vasitəsilə təqdim olunur. ASB, Bank of Baku, Bank Respublika nağd formada 24-34% -lik səyahət (turizm) kreditləri təklif edirlər. Bank Standart isə kredit kartı vasitəsi ilə belə bir imkandan yararlanmağa imkan verir.