4 C
Baku
Monday, December 23, 2024

Turizm marketinqi: nəyimiz əskikdir?

Səyahət etmək istəyəndə ilk olaraq nəyi araşdırırsınız? Sonda getdiyiniz yerə sizi aparan səbəblər nə oldu? Parisdə Eyfel qülləsini, Romada kolizeyi görməyi, əsl London taksilərinə minməyi ya da Nou Kampda Barcelonanın futbol oyununa baxmağı istədikdə siz ora necə gedəcəyinizi yəqin ki, planlaşdırırsınız. Və nəhayət sizin bu planlarınızda turizm şirkətlərinin xidmətlərindən istifadə etmək varmı?

Bu gün ölkəmizdə çoxlu sayda turizm şirkətləri var. Yəqin ki, çoxlarınız ən azı gündə bir dəfə bu turizm şirkətlərindən sms-lə təklif alırsınız və ya sosial şəbəkələri yadınıza salın. Yəqin adlarını xatırlaya bilməyəcəyiniz qədər çox sayda turizm şirkətləri sizi sosial şəbəkələrdə reklam hücumları ilə bombarduman edirlər deyəcəksiz.

Bu məqaləni də məhz bu turizm şirkətləri haqqında, daha dəqiq desək turizm marketinqi haqqında yazmaq qərarına gəldim. Bizim turizm şirkətləri sosial şəbəkələr və sms reklamını nəzərə almasaq, hansı marketinq alətlərindən istifadə edirlər və ya etmirlər? Əslində araşdırma zamanı belə qərara gəldim ki, turizm şirkətlərinin istifadə etmədikləri marketinq alətləri istifadə etdiklərindən dəfələrlə çoxdur. Bu gün reallıq belədir ki, turizm şirkətlərinin təkliflərinə baxsaq, daha ucuz qiymət təklif etmək üzrə yarış olduğunu  görəcəyik. Mövsümə uyğun olaraq Türkiyədə dəniz istirahəti, ucuz aviabilet almaq imkanı olan ölkələrə turlar, müalicəvi turlar və başqa oxşar təkliflər. Sadəcə sosial şəbəkələrdə olan reklamlara nəzər salsaq, görərirk ki, doğrudan da bütün səyahət təkliflərində əsas vurğu qiymətdir və həmin reklam kontentləri təxmini olaraq belədir- “ Şok qiymət, cəmi filan məbləğə 7 günlük Antalya səyahəti”. Bəs siz hər hansı bir turizm şirkətinin təklif etdiyi xidmətlərin keyfiyyətinə, müştərilərinin loyallığına, daha çox müştərinin onu seçməsinə, səyahət zamanı müştəriyə A-dan Z-yə bütün xitmətləri təklif etməsinə vurğu edən bir reklam kampaniyasını gördünüzmü? Əgər belədirsə, yalnız aviabilet almaq, hotel rezervasiya etmək və ən yaxşı halda rus və ya ingilisdilli bələdçi təklif edən turizm şirkətinə müştəri niyə pul ödəsin ki? Bütün bunları almaq üçün smartfonumuz bizə yetərlidir ki, turizm şirkətinə əlavə pul ödəməyək.

Bəlkə də çox sərt olacaq, amma mənim subyektiv fikrimcə bu gün ölkəmizdə olan turizm şirkətləri növbəti mövsümdən uzağa getməyən planları ilə əsas hədəfi bu mövsümdə pul qazanmaqdır. Bəlkə də bu səbəbdəndir ki, bu sahədə hələ də brendə çevrilmiş bir şirkət yoxdur.

Bəs bu halda çatışmayan nədir və ya yerli turizm şirkətlərinin istifadə etmədikləri marketinq alətləri nələrdir?

İlk növbədə ondan başlamaq istərdim ki, bu sahədə bazar imkanları yetərincə böyükdür. Google şirkətinin araşdırmalarına görə səyahətə gedənlərin 78%-i hansı  hava yolları şirkətindən istifadə edəcəyini, 82%-i isə qalacaqları yeri (hoteli) öncədən seçmirlər və bu seçimlərində brendə görə qərar vermirlər. Bu araşdırma ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

Bu halda yerli turizm şirkətlərində çatışmayan və istifadə etməli olduqları marketinq ideyaları haqqında araşdırma apardıqdan və tanınmış səyahət şirkətlərinin marketinq siyasətləri ilə tanış olduqdan sonra ən maraqlı, kreativ ideyalarla tanış olaq.

Səyahət istiqamətləri üzrə marketinq planlar qurmaq.

Yəqin ki, çoxlarınız düşünəcəksiz ki, plan hazırlamaq kreativ ideya deyil. Bəli, bəlkə də belədir, amma şirkətin bütün marketinq fəaliyyəti bir plana əsaslanmalıdır. Effektiv və hədəflərə istiqamətlənən marketinq planı yoxdursa, deməli biz gözübağlı və bilmədiyimiz istiqamətdə gedirik. Marketinq planının olması isə uğura aparan bütün addımlarınızın xəritəsi olacaq və siz istənilən zaman hədəfinizdən hansı məsafədə olduğunuzu bu xəritədə görə biləcəksiniz. Yerli turizm şirkətlərinin həm qiymət yarışına girməsi, həm də təxminən eyni istiqamətlər təklif etməsini nəzərə alsaq, bu şirkətlərin hamısı üçün marketinq planlarının eyni şəxs tərəfindən hazırlanmasına inanmalıyıq ya da heç bir planın olmamasına və sadəcə gözübağlı bir yarışmanın olmasına inanmalıyıq.

İnfluencer layihələrindən istifadə etmək.

Əslində reallığa baxsaq ölkəmizdə bu sahətə blogger, vlogger və ya Instagram məhşurları tapmayacayıq. Sosial şəbəkələrdə müəyyən qruplar, haştaqlar olsa da çoxlu səyahət edib, getdiyi yerlər haqqında müntəzəm paylaşımlar edən onlayn influencer tapmayacayıq. Ən azından araşdırma zamanı mən rast gəlmədim. “Qərib Azər” layihəsini yəqin ki çoxlarımız xatırlayırıq. Lakin, təəssüf ki, indi onun Instagram səhifəsində şəxsi şəkillərindən başqa bir paylaşımlar görmədim. Amma vaxtılə mənim də böyük həvəslə izlədiyim layihələrdən biri idi. TV kanallarımızda isə yerli turizmi təbliğ etməyə çalışan layihələrdən danışmağa dəyməz. Əgər influencer yoxdursa bu ideya lazımsızdır? Əksinə, bu sahə deməli boşdur, birinci olmaq istəyən peşəkarlar axtarır. Belə olan halda istənilən turizm şirkəti bu influenceri özü yarada bilər. Buyurun bir nəfər peşəkar seçin, onun blogger, vlogger və ya instagramçı olmağına kömək edin. Siz ona kontent yaratmağa kömək edin, O da sizin şirkəti bacardığı qədər reklam etsin. Beləliklə, bu sahədə yeni bir brend yaratmaq üçün sadəcə birinci olmaq tələb olunur. İnanmaq istərdim ki, yerli turizm şirkətlərimiz hansısa bir müğənnini seçib, öz reklamında həmin “müğənni bizim şirkəti seçir” deyə bir influencer layihəsi başlamayacaq.

Təklif olunan istiqamətlər üzrə ətraflı məlumatlarla bir təlimat (bələdçi) yaradın

Turist turizm biznesinin qan damarıdır. Ona görə də turistin ehtiyacı olan hər şeyi qarşılamaq lazımdır. Turist isə getdiyi yeri yaxşı tanımaq istəyir. Elə tanımaq istəyir ki, orada olanda sanki br yerli insan kimi, həmin şəhərdə nəyin harada olduğunu, hara necə getmək lazım olduğunu, harada yemək, harada alış-veriş etmək lazım olduğunu bilsin. Biz yerli turizm şirkətlərinin internet səhifəsinə baxsaq, ən yaxşı halda bir neçə şəhərdə olan müəyyən görməli yerlər haqqında məlumat görəcəyik. Əgər mənə Parisə getməyi təklif edən şirkət, həmin şəhərə niyə getməli olduğumu göstərən məlumat təklif etmirsə mən o şirkəti niyə seçim ki?

Sosial şəbəkələrdə və internet səhifənizdə müzakirələr üçün forumlar yaratmaq.

Belə bir forumlar bəzi şəbəkələrdə zəif də olsa olmağına baxmayaraq, onlar turizm şirkətlərinə aid səhifələrdə tapılmayacaq və ya aktivlik olmayan bir forum olacaq. Əslində göstərdiyi xidmətin keyfiyyətinə əmin olan turizm şirkəti sadəcə öz müştərilərinin bu forumlarda iştirakını təmin etsə, pulsuz bir reklam kanalı qazanmış olacaq. Təbii ki, bunun üçün ilk növbədə həmin müştərini qazanmaq lazımdır.

Təklif olunan istiqamətlər üzrə video roliklər hazırlamaq.

Sözsüz ki, bu videolar sadəcə şirkətin tərifindən və reklamından ibarət olmalı deyil. Məsələn yuxarıda danışdığımız təlimatları (bələdçi) əhatə edən videolar hazırlana bilər. Həmin videoda təklif etdiyiniz şəhər haqqında ətraflı məlumatı müştərinizə çatdırsanız, visual təsir metodlarından istifadə etmiş olursunuz və mesajınız daha təsirli alınır.

Maraqlı yarışlar təşkil etmək.

Sosial şəbəkələr üzərindən, radio və ya tv proqramlardan istifadə etməklə istənilən formatda yarışmalar təşkil etmək olar. Yetər ki, sonda qalib üçün təklif etdiyiniz hədiyyə cəlbedici olsun. Məsələn qalibə səyahət paketi hədiyyə etmək olar və ya sizin şirkətinizin xidmətlərindən müəyyən sayda istifadə edənlər üçün endirim və hədiyyələr təklif edə bilərsiniz. Bundan əlavə, sizin xidmətlərinizdən istifadə edən müştərilər gəzdiyi yerlər haqqında videolar hazırlayıb sizin sosial şəbəkələrdə bölüşərsə, onlara hədiyyələr təklif edin. Məhşur el misalında deyildiyi kimi bir güllə ilə iki hədəf vurmuş olarsınız. Yuxarıda bəhs etdiyimiz video bələdçiləri sizin əvəzinizə müştəriləriniz hazırlayar.

Şirkətinizi fərqli edən nədir və müştəri size niyə seçməli olduğunu göstərin.

Bu istənilən səbəb ola bilər- daha çox istiqamətlər təklif edirsiniz, bütün xidmətləri kompleks təklif edirsiniz, 24/7 konsyerj xidmətiniz var və s. Bu tamam fərqli bir mövzu da ola bilər. Məsələn, əməkdaşlarınızın sizin şirkətdə işləmələrindən necə zövq aldıqları haqda, sizin şirkətdə işləməyin bir üstünlük olduğu haqda da bir məzmun hazırlaya bilərsiniz. Yetər ki, fərqinizi göstərin.

Marketinq fəaliyyətinizi turist tiplərinə görə fokuslayın

Turizm marketinqi hazırlayan zaman ən vacib məqamlardan biri kimə nə satacağınızı bilməkdir. Əgər hədəf olaraq müştərinizi qruplaşdırmamısınızsa bu sadəcə havaya atəş açmağa oxşayacaq. Müştəriniz kimdir? Ailələr, subaylar, gənclər, orta yaşlı nəsil və kim? Hədəfiniz kimdir və bu hədəfə çatmaq üçün haradan başlamaq lazımdır? Yerli turizm şirkətlərinin təkliflərinə nəzər salsaq cəmi iki fəqli hədəf görürük-Yesuntiki və digər keçmiş SSR ərazisində yerləşən müalicəvi turlar və kimliyindən asılı olmayaraq, hamı üçün eyni formada təklif olunan Türkiyə, Avropa istiqamətində səyahətlər. Məsələn, Wizzair vasitəsilə ucuz aviabilet olduğuna görə Budapeşt, Praqa, Vyana istiqamətinə qrup turları təklif edən şirkətləri saymaqla bitməz. Sual olunsa ki, bu tur kimlər üçündür, gənc, yaşlı, ailəli, subay və ya kimlər üçün? Yəqin ki, ”hamı üçün” cavabını eşidəcəyik. Bağışlayın amma belə bir xidmət ola bilməz ki, hamıya eyni formada verilsin. Təsəvvür edin bu səyahətə tək gedirsiniz, digərləri aliləsi və körpə uşaqları ilə və ya sizin qədər gündəlik piyada gəzmək həvəsində olmayan yaşlı nəsil. Bu qrupda səyahət yəqin ki, arzuladığınız kimi olmayacaq. Bu sahədə daha ciddi problem də var: yerli turizm şirkətlərinin təkliflərinə baxsaq turizim kateqoriyalarına görə ayrıca təkliflər və məhsullar tapmaq çətin olacaq. Məsələn yerli turizm şirkətləri təkliflərini belə kateqoriyalara bölə bilərdi: idman turizmi, sağlamlıq turizmi, dəniz-çimərlik turizmi, dəniz sörfinq turizmi, təbiət-meşə turizmi, alpinizm və dağ turizmi, romantik səyahətlər, əyləncə və şopinq, səhra-safari turzimi, kənd turizmi, tarixi və mədəniyət turizmi və s. Bu siyahını turizm şirkətinin işinə kreativ yanaşmasından asılı olaraq çox böyütmək olar.

Peşəkarlara müraciət edin

Əgər istədiyiniz kimi bir marketinq planı hazırlamaq və həyata keçirmək üçün daxili resurslarınız çatışmırsa, bu sahədə peşəkar konsaltinq xidmətləri təklif edən marketinq şirkətlərinə üz tutmaq olar. Uğurlu olacağına əmin olmadığınız bir plan hazırlamaqdansa bu işi peşəkarlara etibar etmək daha doğru olardı.

Bu siyahını istənilən qədər artırmaq olar. Düşünə biləcəyiniz kreativ ideyaların bir sonu yoxdur. Yetər ki, hədəfə istiqamətlənmiş, bütün mümkün şərtləri nəzərə alan planınız və bu planı həyata keçirəcək komandanız olsun. Fərqli olmasaz müştəri sizə “o olmasın, bu olsun” prinsipi ilə yanaşacaq.

– Müəllif –
İlqar Hüseynov

Son xəbərlər
Digər xəbərlər