İnzibati Xətalar Məcəlləsinə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni – 428-1 maddə əlavə edilməsi təklif olunur.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni maddəyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.
Eyni zamanda mehmanxanalar (otellər) tərəfindən ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə müəyyənləşəcək.
Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə , Turizm Reyestrindəki məlumatların yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə tətbiqi nəzərdə tutulur.
Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə ediləcək.
Qeyd edilən xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə beş yüz manat məbləğində cərimə tətbiq ediləcək.
Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçiriləcək iclasında müzakirə ediləcək.