Turizm üzrə Dövlət Proqramının monitorinqi ilə bağlı yeni vəzifələr həvalə edilib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, 28 avqust 2026-cı il tarixli sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin monitorinqi, hesabatlılığı və qiymətləndirilməsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə bir sıra yeni vəzifələr həvalə olunub.

Sənədə əsasən, Mərkəz iki ay ərzində operatoru olduğu “e-monitorinq” portalında Dövlət Proqramının icrasının monitorinqi və hesabatlılığı üçün ayrıca modul yaratmalıdır. 2027-ci ildən etibarən proqramın monitorinqi və qiymətləndirilməsi məhz bu modul üzərindən həyata keçiriləcək.

Modulda icraçı dövlət qurumları, şəhər və rayonlar, icra müddətləri, layihələr və digər göstəricilər üzrə məlumatlar təsnifləşdiriləcək. Eyni zamanda, icraçı qurumların istifadə etdiyi elektron informasiya sistemlərinin və portalların “e-monitorinq” portalına inteqrasiyası nəzərdə tutulur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2027-ci ildən başlayaraq Dövlət Proqramının icrasının monitorinq nəticələrini ildə bir dəfə, aprelin 30-dək Nazirlər Kabinetinə təqdim edəcək. Proqramın yekun qiymətləndirilməsinə dair məlumatların isə 2031-ci il iyunun 30-dək təqdim olunması nəzərdə tutulur.

İcraçı qurumlar Dövlət Proqramı üzrə nəticə indikatorlarının hədəf göstəricilərini və onların illər üzrə bölgüsünü müəyyən etməli, iki ay ərzində bu göstəriciləri Dövlət Turizm Agentliyinə təqdim etməlidirlər.

2027-ci ildən proqram çərçivəsində layihələrin icrasına dair məlumatlar rübdə bir dəfə, rübdən sonrakı ayın 15-dək, tədbirlərin illik yekunları üzrə hesabatlar isə hər il fevralın 25-dək “Layihə idarəetməsi” moduluna daxil ediləcək.

Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi isə layihələrin maliyyələşdirilməsinə dair məlumatların, o cümlədən ilkin ümumi dəyərin, dövlət büdcəsi və özəl sektor üzrə nəzərdə tutulan, ayrılan və istifadə olunan vəsaitlərin, növbəti illər üzrə maliyyə tələbatının, eləcə də beynəlxalq maliyyə institutlarının kredit vəsaitlərinin hər rübdən sonrakı ayın 5-dək sistemdə yerləşdirilməsini təmin edəcəklər.

Beləliklə, Dövlət Proqramının icrası üzrə monitorinq, maliyyə məlumatları və nəticələrin qiymətləndirilməsi vahid rəqəmsal platforma üzərindən aparılacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər