8 C
Baku
Monday, November 18, 2024

Turizm və Menecment Universitetinin nizamnamə fondu müəyyənləşib

Dövlət Turizm Agentliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Turizm və Menecment Universitetinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları müəyyənləşib.

Banker.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun universitetin yenidən təşkili və nizamnaməsinin təsdiq edilməsi haqqında imzaladığı qərarda öz əksini tapıb.

Universitetin nizamnamə fondu 11 488 507.76 manatdır.

Təhsil müəssisəsinin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşdırılır.

Ali məktəbin ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Universitetin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.

Bu Nizamnamənin 5.3-cü bəndi nəzərə alınmaqla, Universitet əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Agentliklə razılaşdırmaqla həyata keçirir.

Təhsil ocağı mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Universitetin əmlakının idarə edilməsi ilə bağlı fəaliyyətinə nəzarəti Agentlik, yaxud Agentliyin səlahiyyət verdiyi şəxs həyata keçirir.

Universitetin maddi-texniki bazası və təhsil infrastrukturu Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun olmalıdır.

Universitet “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycanın qanunlarında nəzərdə tutulmuş mənbələrdən və Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun maliyyələşdirilir.

O, bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

Universitet Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün Universitet Agentliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

Universitetin fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldilir.

Son xəbərlər
Digər xəbərlər