4 C
Baku
Friday, March 29, 2024

“Türk Hava Yolları” 2019-cu ilin iyunundan süni intellektdən istifadə edəcək

“Türk Hava Yolları” (THY) 2019-cu ilin iyun ayından başlayaraq süni intellektdən istifadə edəcək.

Bunu İstanbulda keçirilən “Building for the Future Corporate Club Conference 2018″də çıxış edən THY-nin Müşahidə Şurasının sədri İlker Aycı deyib.

İ.Aycının sözlərinə görə, rəhbərlik etdiyi şirkət sərnişinlər üçün bir çox yeniliklər hazırlayıb: “THY öz biznes sinif sərnişinlərinə pulsuz Wi-Fi xidməti təklif edən şirkətdir. Biz bundan sonra da bu fəaliyyətimizi davam etdirəcəyik. Hazırda sərnişinlərimizin 90%-i yerli, digər 10%-i isə beynəlxalq sərnişinlərdir. Bildiyiniz kimi, İstanbulda yeni hava limanının açılışını gözləyirik. Bu hava limanı açıldıqdan sonra sərnişimlərimiz üçün xidmət keyfiyyətini daha da artıracağıq. Artıq bir sıra mədəniyyət mərkəzləri-muzeylərlə danışmışıq, THY-nin CIP (Commercially Important Person) sərnişinləri üçün hava limanının gözləmə zalında sənət əsərləri nümayiş olunacaq. Bu tipli sərnişinlər üçün xüsusi virtual turlar təşkil ediləcək”.

THY rəhbəri bildirib ki, şirkət öz təyyarə qarajını da yeniləyir: “Biz tezliklə müasir tipli təyyarələrimizin sayını 400-ə çatdırmaq niyyətindəyik. Həmçinin 2019-cu ilin iyunundan Avtraliyaya (Sidney) uçuşlara başlamağı düşünürük”.

Qeyd edək ki, İstanbuldakı yeni hava limanının oktyabrın 29-da açılışı olması planlaşdırılır. Bu hava limanından ilk daxili reysin Ankaraya, xarici reysin isə Bakıya həyata keçirilməsi nəzərdə tutulub.

İstanbulun yeni hava limanının CEO-su Kadri Samsunlu isə adıçəkilən limanın açılışı ilə sərnişin dövriyyəsinin artacağını deyib: “Yeni hava limanı ilkin mərhələdə illik 90 mln. sərnişinə xidmət edəcək. İnşaat işlərinin bütün mərhələləri bitdikdən sonra isə bu rəqəm 200 mln.a yüksələcək. Hava limanına İstanbulun istənilən nöqtəsindən 25 dəqiqəyə çatmaq mümkündür. Hava limanındakı terminallar 21%, qüllə isə 20% elektrik enerjisi istehlakının azalmasına səbəb olacaq. Bu isə ildə 30 700 ton karbon dioksidin azalması deməkdir. Hansı ki, ildə bu qədər karbon dioksidi 19 500 ev təbiətə ixrac edir. Yeni hava limanı şirin su istehlakını da 40%-ə qədər azaldacaq. Bu isə illik 2 mln. kubmetr suyun axıdılmasının qarşısının alınması deməkdir. Bu, 5 500 ailənin il ərzində istehlak etdiyi suyun miqdarıdır”.

© Report

Son xəbərlər
Digər xəbərlər