9 C
Baku
Thursday, December 12, 2024

THY Qəbələyə uçuşlara başlaya bilər

2019-cu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə “Türk Hava Yolları” (THY) ilə sərnişindaşımada 20%-lik artım qeydə alınıb.

Bu barədə THY-nin Bakı-Ankara reysinin açılış mərasimində jurnalistlərə açıqlama verən şirkətin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib. Məlumatı isə Report Agentliyi verir.

S.İlyas bildirib ki, Azərbaycan Türkiyə üçün mühüm tərəfdaşdır.

“Azərbaycan bir sıra mühüm tədbirlərə ev sahibliyi edir və çoxlu turistlər cəlb olunur. Bu ilin ilk üç ayında ötən ilin müvafiq dövrünə nisbətən 20% çox sərnişin daşınıb”.

THY rəsmisi yeni reysin açılması ilə bağlı danışarkən əlavə edib ki, bu reys iki paytaxt arasında məsafələri qısaltmaq baxımından daha əhəmiyyətlidir:

“Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr çox yüksək səviyyədədir. Bu baxımdan siyasilərdən ibarət sərnişin potensialı var. Həmçinin Ankara və ətraf regionlarda təhsil alan tələbələr, ora müalicəyə gedən şəxslər və s. potensial olaraq bizim sərnişinlərimizdir. Uzun müddət idi ki, paytaxtları bir-birinə bağlayan bu reysi açmağı düşünürdük. Nəhayət bu gün reallaşdırdıq”.

S.İlyas deyib ki, martın 21-dən etibarən başlayan Bakı-Antalya reysləri yay mövsümü ilə əlaqədar olaraq iyunun 1-dən etibarən hər gün olacaq:

“Bilirsiniz ki, bizim Bakı ilə yanaşı Gəncə və Naxçıvana da uçuşlarımız var. THY daim böyüyən şirkətdir. Biz uçuşları izləyirik, əgər potensial görürüksə, həmin istiqamətə uçuşlara başlayırıq. Hazırda Qəbələyə də turistlərin böyük marağı var. Xüsusən də Orta Şərq ölkələrindən maraq artmaqdadır. Biz bu prosesləri izləyirik. Hazırda belə bir planımız yoxdur. Əgər rəhbərlik məsləhət görərsə, Qəbələyə də uçuşlara başlaya bilərik”.

S.İlyas həmçinin yeni Bakı-Ankara reysinin Azərbaycandan Şimali Kiprə uçmaq istəyən sərnişinlərin də işini rahatlaşdıracağını bildirib:

“Azərbaycandan Şimali Kiprə birbaşa uçuşların olması dövlətlər arasında olan bir məsələdir. Bu bizim səlahiyyətimiz çərçivəsində olan məsələ deyil. Amma onu deyim ki, bu gün açılışını etdiyimiz Ankaraya uçuşlar həm də, Kiprə də bağlantı verir. Tələbata görə, İstanbuldan Bakıya və Kiprə bir neçə reys var. Ankaradan da oxşar imkanlar var ki, Azərbaycandan uçan sərnişinlər rahatlıqla Şimali Kiprə çatsınlar”.

Qeyd edək ki, bu gündən başlayan Bakı-Ankara reysi üzrə uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, THY baş direktorunun insan resursları üzrə köməkçisi Abdulkərim Çay, THY Azərbaycan ofisinin rəhbəri Seyfullah İlyas, Mülki Aviasiya Agentliyinin beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Elman Ələkbərov və başqa şəxslər iştirak edirdi.

Son xəbərlər
Digər xəbərlər