Bazar ertəsi erkən ticarətdə Türkiyə lirəsi dollar qarşısında bütün zamanların minimumunu vuraraq, ilin əvvəlindən indiyə qədər 28%-dən çox dəyər itirib.
Banker.az xəbər verir ki, ötən həftə gözlənilməz faiz (bir həftəlik repo əməliyyatları faizi) endirimindən sonra enişini davam etdirməkdədir.
Lirə (TRYTOM=D3) Bakı vaxtı ilə 09:10 radələrinə olan məlumata görə, “greenback” ləqəbli dollar qarşısında 18.4440 səviyyəsində olub və cümə günü 18.4280 səviyyəsindən bir qədər də aşağı düşüb. Bundan əvvəl o, 18.4450-də rekord minimumunu artıq test etmiş olub.
Dollar indeksindəki yüksəliş davam edəcəyi təqdirdə, lirə dollar qarşısında 19 lirə
hədlərinə kimi ucuzlaşa bilər.
Türkiyə Mərkəzi Bankı gözlənilmədən keçən həftə uçot faiz dərəcəsini 100 baza bəndi ilə 13%-dən 12%-ə endirib.
Mərkəzi Bank, inflyasiyanın avqust ayında 80%-dən yuxarı olmasına baxmayaraq “iqtisadi yavaşlamağa” əsas gətirməklə monetar siyasətini yumşaldıb. Bu isə ABŞ Federal Ehtiyat Sisteminin 2008-ci ildən bu tərəfə ən sərt monetar siyasətə əl atdığı bir dönəmdə baş verir. İnişaf etmiş əksər ölkələrin valyutaları dolların güclənməsi qarşısında tab gətirə bilmir. Avro, funt-sterlinq, yuan, avstraliya dolları və s. kimi valyutalar dollar qarşısında son iki onilliyin minimumlarına düşüblər.
Lirə 2021-ci ildə dollara nisbətdə 44% itirib, bu, əsasən, TCMB-nin keçən ilin sonunda siyasət faizini 500 baza bəndi (5 faiz bəndi) aşağı saldığı qeyri-adi yumşaltma dövrü ilə əlaqədardır.