Türkiyədə ABŞ dollarının məzənnəsi bir gündə 6%-dən çox artaraq 3,85 lirəni ötüb.
“Bloomberg” agentliyinə istinadən, Amerika valyutasının kəskin bahalaşmasına səbəb kimi ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginlik göstərilir.
Belə ki, ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmasından dərhal sonra Türkiyə də analoji addımı atıb. Bu isə milli valyutanın dollar qarşısındakı məzənnəsinə təsirsiz ötüşməyib.
Qeyd edək ki, Türkiyədə dolların məzənnəsi bu səviyyədə sonuncu dəfə bu il yanvarın 30-da, yəni təxminən 8 ay bundan əvvəl çatıb. Bununla belə, hazırda Türkiyənin nağd valyuta bazarında dollar 3,71 lirəyə bərabərdir. İstənilən halda ötən həftənin sonu ilə müqayisədə dollar 3% bahalaşıb.
Lirəsinin ucuzlaşması qlobal bazara sıçraya bilər
Türk lirəsində müşahidə olunan ucuzlaşma qlobal maliyyə bazarına da sıçraya bilər.
Bbu proqnozu agentliyə makrostrategiya üzrə mütəxəssis Mark Qudmor verib. Mütəxəssisin sözlərinə görə, dünyanın hər bir yerində investorlar türk lirəsindəki mənfi proseslərə hazır olmalıdırlar.
Qeyd edək ki, bu gün səhər saatlarında türk lirəsi ABŞ-Türkiyə münasibətlərində yaranan siyasi gərginlik nəticəsində dollarla müqayisədə 6%-ə yaxın ucuzlaşıb. Bu, TRY/USD məzənnəsi üçün son 8,5 ayın ən yüksək həddi olub.
“Report Analitik Qrup” hesab edir ki, Türkiyədə qiymətinin 3,53 lirədən aşağı düşməsi çox çətin olacaq. Çünki lirənin dollar qarşısında zəifləməsi üçün səbəblər var. İlk növbədə, Türkiyənin xarici ticarət balansının kəsiri artıb. Bu ilin sonuna qədər Türkiyədə dolların məzənnəsi 3,6-3,75 lirə, gələn il isə 3,7-4,2 lirə ola bilər.