Türk şirkətlərinin Azərbaycana investisiyası $903 milyona çatıb – Sərmayəni kimlər qoyur?

Türkiyə şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 43,6% artaraq 902,7 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 628,7 milyon dollar olmuşdu. Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Türkiyənin Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı (BXİ) payı 19,5%-dən 24,6%-ə yüksəlib. Beləliklə, Türkiyədən daxil olan investisiyaların həcmi bir ildə 274 milyon dollar artıb. Türkiyə Azərbaycana birbaşa investisiyaların həcminə görə 936,4 milyon dollarla ilk yerdə olan Böyük Britaniyadan sonra ikinci mövqedə qalıb.

Eyni dövrdə Azərbaycanın Türkiyə iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyalar daha yüksək templə artıb. 2026-cı ilin yanvar-iyun aylarında Türkiyəyə yatırımlar 603,8 milyon dollar təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki 177,4 milyon dollarla müqayisədə 3,4 dəfə və ya 240,4% çoxdur.

Azərbaycanın xaricə yönəltdiyi ümumi birbaşa investisiyalarda Türkiyənin payı 12,1% olub. Bir il əvvəl bu göstərici 13,1% idi. Məbləğin 3,4 dəfə artmasına baxmayaraq payın azalması Azərbaycanın xaricə bütün birbaşa investisiyalarının 1,35 milyard dollardan 5 milyard dollara yüksəlməsi ilə bağlıdır. Bu artımın böyük hissəsi 2026-cı ilin ilk yarısında İtaliyaya yönəldilmiş 3,25 milyard dollarlıq investisiyanın payına düşüb.

Nəticədə Azərbaycan və Türkiyə arasında qarşılıqlı birbaşa investisiya axınlarının ümumi həcmi 2026-cı ilin ilk yarısında 1,51 milyard dollara çatıb. 2025-ci ilin eyni dövründə bu göstərici 806,1 milyon dollar idi. Beləliklə, qarşılıqlı investisiyaların həcmi illik müqayisədə 86,9% artıb.

Türkiyədən Azərbaycana daxil olan investisiyalar Azərbaycanın Türkiyəyə yatırımlarını 298,9 milyon dollar üstələyib. Bir il əvvəl bu fərq 451,3 milyon dollar idi.

İNVESTİSİYANI QOYAN KİMLƏRDİR?

Türkiyə kapitalının Azərbaycanda əsas fəaliyyət istiqamətlərindən biri enerji sektorudur. Türkiyənin dövlət neft-qaz şirkəti “Türkiye Petrolleri” (TPAO) Azərbaycanın iri enerji layihələrində iştirak edir. 2025-ci ildə bp və SOCAR TPAO-nun Xəzərin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” layihəsində 30%-lik iştirak payı əldə etməsi barədə razılığa gəliblər. Sövdələşmənin maliyyə dəyəri açıqlanmayıb. TPAO həmçinin “Şahdəniz” layihəsində 19% paya malikdir və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin səhmdarları sırasındadır. Energetika Nazirliyi 2026-cı ilin sentyabrında TPAO-nun “Şəfəq-Asiman”a qoşulmasını iki ölkə arasında son dövr enerji əməkdaşlığının əsas yeni investisiya istiqamətlərindən biri kimi göstərib.

Türkiyə kapitalı qeyri-neft sektorunda da istehsal layihələrinə yönəlib. Türkiyənin “Anadolu Grubu”nun törəmə şirkəti “Coca-Cola İçecek” 2025-ci ilin mayında İsmayıllıda Azərbaycandakı ikinci istehsal müəssisəsini istifadəyə verib. Zavodun investisiya dəyəri 80 milyon manat, illik istehsal gücü 165 milyon litrdir. Şirkətin açıqlamasına görə, yeni zavodun istifadəyə verilməsi ilə “Coca-Cola İçecek”in Azərbaycana indiyədək yatırdığı investisiyaların ümumi həcmi 200 milyon dollara çatıb.

Tikinti kimyəviləri də Türkiyə-Azərbaycan kapitalının aktiv olduğu sahələrdəndir. Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən “Kartaş Kimya” MMC Azərbaycan və Türkiyə investorlarının birgə sərmayəsi ilə yaradılıb. Şirkətin direktoru Necmeddin Taşbağın açıqlamasına görə, investorların layihədə payı bərabər olub. Zavoda təxminən 20 milyon manat investisiya qoyulub. Müəssisə 2025-ci ilin aprelində istifadəyə verilib, burada sement əsaslı quru qarışıqlar, su izolyasiya materialları, döşəmə məhsulları və müxtəlif kimyəvi əlavələr istehsal olunur. İstehsal gücü illik 295 min tona çatır. Şirkət 2025-ci ilin iyununda ilk ixracını Özbəkistana həyata keçirib.

Türkiyə biznesinin Azərbaycandakı digər fəaliyyət istiqamətlərindən biri qablaşdırma sənayesidir. Hacıqabul Sənaye Məhəlləsində plastik su qabları istehsal edən “Uysal Ambalaj” MMC üçün 1,84 milyon manat investisiya qoyulub. Müəssisənin illik istehsal gücü 350 min ədəd plastik su qabıdır. Bu layihə daha əvvəl reallaşdırıldığından 2026-cı ilin ilk yarısındakı investisiya artımının birbaşa mənbəyi hesab edilə bilməz, lakin Türkiyə kapitalının Azərbaycandakı sənaye bazasının formalaşdığı istiqamətlərdən biridir.

Türkiyə kapitalının Azərbaycandakı digər iri investisiya layihələrindən biri Pirallahı Sənaye Parkında həyata keçirilir. Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkətinin 66% paya sahib olduğu “Gen Pharma Caucasus Manufacturing Operations” MMC burada dərman istehsalı zavodu inşa edir. Layihənin ümumi investisiya dəyəri 59,3 milyon manatdır. Zavodun tikintisi 2026-cı ilin ilk yarısında da davam edib və istehsal avadanlıqlarının quraşdırılması mərhələsinə çatıb.

“GEN İlaç”ın maliyyə hesabatına əsasən, şirkətin “Gen Pharma Caucasus”dakı investisiyasının balans dəyəri 2025-ci ilin sonundakı 405,6 milyon Türkiyə lirəsindən 2026-cı ilin martının sonuna 540,3 milyon lirəyə yüksəlib. Beləliklə, təkcə ilin ilk rübündə bu göstərici 134,7 milyon lirə artıb.

Maliyyə sektoru da Türkiyə kapitalının iştirak etdiyi sahələr sırasındadır. Türkiyənin dövlət bankı “Ziraat Bankası”nın törəmə bankı “Ziraat Bank Azərbaycan” 2025-ci ili 23 milyon manatdan çox xalis mənfəətlə başa vurub, bankın cəmi kapitalı 20,3% artaraq 161 milyon manata çatıb. Bank 2025-2026-cı illərdə əldə etdiyi mənfəəti kapital ehtiyatlarına və ya nizamnamə kapitalının artırılmasına yönəltməyi planlaşdırdığını açıqlayıb.

Lakin bunu da vurğulamalıyıq ki, BXİ yalnız yeni zavodun tikintisinə və ya şirkət payının alınmasına yönəldilən vəsaitdən ibarət deyil. Belə ki, xarici investorların Azərbaycanda əldə etdiyi mənfəətin yenidən biznesə yatırılması da göstəriciyə təsir edir. Məsələn, AMB-nin məlumatına görə, 2025-ci ilin ilk yarısında qeyri-neft-qaz sektoruna cəlb edilmiş 733,9 milyon dollarlıq birbaşa xarici investisiyanın 240,4 milyon dolları gəlirlərin təkrar investisiyası ilə bağlı olub.

Bu arda, Türkiyə şirkətlərinin Azərbaycanda maraq göstərdiyi sahələrin dairəsi də genişlənir. 2026-cı ilin martında İqtisadiyyat Nazirliyi Türkiyənin “Fiba Holdinq”i ilə bərpa olunan enerji, infrastruktur, enerji təchizatı, turizm və tikinti sahələrində mümkün əməkdaşlıq və investisiya layihələrini müzakirə edib. Bununla belə, görüş üzrə konkret investisiya məbləği açıqlanmayıb■

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər