26 C
Baku
Tuesday, September 9, 2025

Türkdilli ölkələr “yaşıl maliyyə” platformasını işə salmağı planlaşdırır

Türkdilli ölkələr əməkdaşlıq, məlumat mübadiləsi və layihələrin inkişafı üçün rəqəmsal mərkəzə çevriləcək “yaşıl maliyyə” platformasını işə salmağı düşünür.

Bu barədə Türkdilli Ölkələrin Yaşıl Maliyyə Şurasının Qazaxıstanın Astana şəhərində keçirilən Birinci Təsis Toplantısının yekunları üzrə imzalanmış kommünikedə deyilir.

İclasda Azərbaycanı Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə təmsil edib.

Qeyd olunur ki, qəbul edilmiş kommünike üzv dövlətlərin “Türk Dünyasına Yaşıl Baxış”a sadiqliyini və onların “yaşıl maliyyə” sahəsində regional əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirdiyini təsdiq edir. Sənəddə “yaşıl” maliyyə alətlərinin inkişafı, dayanıqlı maliyyə strategiyaları və taksonomiyalarının işlənib hazırlanması, həmçinin əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və biliklərin ötürülməsinin asanlaşdırılmasının vacibliyi vurğulanır.

Xatırladaq ki, Türkdilli Ölkələrin Yaşıl Maliyyə Şurası 2024-cü il noyabrın 6-da Bişkekdə keçirilən XI TDT Sammitində imzalanmış Anlaşma Memorandumu əsasında dayanıqlı maliyyə sahəsində əməkdaşlığı təşviq etmək məqsədilə yaradılıb. Yeni platforma kimi Şura üzv təşkilatlara ekoloji, sosial və idarəetmə (ESG) amillərini nəzərə alaraq investisiyaları təşviq edərək “yaşıl” və davamlı maliyyənin inkişafı üçün məsləhət və ekspert dəstəyi verir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər