20 C
Baku
Thursday, May 30, 2024

“Türkiyə Qazaxıstanla birgə Orta Nəqliyyat Dəhlizini inkişaf etdirəcək” – Ərdoğan

Türkiyə Qazaxıstanla birlikdə Xəzər dənizi üzərindən Orta Nəqliyyat Dəhlizini inkişaf etdirəcək.

Bunu Astanada Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə Qazaxıstan iqtisadiyyatının şaxələndirilməsində fəal iştirak edir. “Ötən ilin yekunlarına görə, ölkələrimiz arasında ticarət dövriyyəsi 5 milyard dolları ötüb. Ortamüddətli perspektivdə bu rəqəmi 10 milyard dollara çatdırmağı planlaşdırırıq. Hər şey plan üzrə gedir”, – Türkiyə lideri bildirib.

Onun sözlərinə görə, nəqliyyat və logistika sektorunda əməkdaşlıq iki ölkəyə orta müddətli hədəflərə nail olmağa imkan verir. “Biz Qazaxıstana investisiyaları 4,13 milyard dollara çatdırmışıq. Türkiyə digər ölkələrdən fərqli olaraq təkcə enerji sənayesinə diqqət yetirmir, həm də Qazaxıstan iqtisadiyyatının şaxələndirilməsinə və məşğulluğun artırılmasına kömək edir. Əminəm ki, iş yerlərinin açılmasına daha çox töhfə vermək istəyən şirkətlərimizə dəstək olacaqsınız”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan Xəzər marşrutunun artan iqtisadi əhəmiyyətinə diqqət çəkib. “Biz Qazaxıstanla birgə Orta Nəqliyyat Dəhlizini Xəzər vasitəsilə inkişaf etdirməyə hazırıq. Biz enerji sahəsində də əməkdaşlığı inkişaf etdirməyi hədəfləyirik”, – deyə Türkiyə lideri bildirib.

Qasım-Jomart Tokayev isə öz növbəsində Türkiyəni Qazaxıstanın ən yaxın və etibarlı tərəfdaşlarından biri adlandırıb.

O qeyd edib ki, Türkiyə Qazaxıstanda ilk 10 ən böyük investor arasındadır. “Ümumiyyətlə, tranzit və nəqliyyat əlaqələri ikitərəfli ticarət potensialının yaradılmasında mühüm rol oynayır. Biz nəqliyyat xərclərini və çatdırılma müddətlərini azaltmaq üçün Transxəzər dəhlizinin inkişafına çağırırıq”, – deyə Tokayev bildirib.

Tokayev xatırladıb ki, bu ilin iyununda Bakıda prezidentlə üçtərəfli formatda görüş keçirilib. “Biz bu ənənəni davam etdirmək niyyətindəyik. Növbəti görüşün Aktauda keçirilməsini təklif edirik”, – deyə siyasətçi bildirib.

Dövlət başçılarının iştirakı ilə keçirilən danışıqların yekunu üzrə birgə bəyanat qəbul edilib və 6 sənəd imzalanıb. Tokayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 1-ci dərəcəli “Dostıq” ordeni ilə təltif edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər