32 C
Baku
Saturday, June 25, 2022

Türkiyə və Yunanıstan arasında nə baş verir?

YUNANISTANLA TÜRKİYƏ ARASINDAKI əlaqələrin, fikir ayrılıqlarının dərin kökləri və tarixi var. Bu fikir ayrılıqlarından istifadə edən qüvvələr vaxtaşırı olaraq Yunanıstandan istifadə etməklə onu sərt hərəkət və ritorikalara təhrik edərək qardaş Türkiyəyə qarşı bir təzyiq vasitəsinə çevirmişlər. Son 1 ay ərzində baş verənlər növbəti dalğadır.

Səhnədə nə baş verir? Yunanıstan xüsusilə ABŞ-da Türkiyəyə qarşı formalaşmış qüvvələrin,  lobbilərin (xüsusilə erməni lobbisi) və digər qüvvələrin dəstəyinə güvənib Türkiyəyə qarşı sərt mövqe tutaraq kəskin ritorikadan istifadə edir.

Səhnə arxasında isə bu vəziyyətdən istifadə edən qüvvələr xüsusilə seçki öncəsi Türkiyə ilə ciddi bazarlığa girərək özləri üçün sərfəli şərtlər əldə etməyə çalışırlar. Burada sui-istifadə olunan 2 amil var: subyektiv amil Yunanıstan, obyektiv (amil) şərait isə qarşıdan gələn Prezident seçkisidir.

Burada önəmli olan və həm də qardaş Türkiyənin əl-qolunu nisbətən bağlayıb manevr imkanlarını məhdudlaşdıran digər 2 əsas amil mövcuddur. Birincisi, Rusiya amili, ikincisi isə Türkiyədə yaranmış iqtisadi vəziyyət. Birinci amilə bir daha fərqli prizmadan yanaşaq. ABŞ Rusiyaya qarşı barışmaz mövqeyini davam etdirir. Rusiyanın qırmızı xətləri keçdiyini müxtəlif səviyyələrdə səsləndirirlər. Aydındır ki, Rusiyaya qarşı formalaşmış bu mövqeyin əsas səbəbi Rusiyanın ABŞ-da Prezident seçkilərinə iddia olunan kiber müdaxiləsidir. ABŞ-ın və orada olan böyük güclərin belə bir müdaxiləni bağışlayacaqlarını düşünmək ABŞ-ı tanımamaq deməkdir. İddia olunan bu müdaxilə əslində düşünüləndən daha dərin iz və reaksiya doğurmuşdur. ABŞ öz mövqeyini sərtləşdirdikcə Türkiyənin Rusiya-Ukrayna məsələsində həlledici rolu və vasitəçilik missiyası da zəifləyir. İndi Türkiyə konseptual həll yolunda deyil, fraqmental məsələlərin (Ukrayna taxılının dünya bazarına Qara Dəniz limanlarından Türkiyə vasitəsilə çıxarılması) həllində daha çox görünür. Rusiyanın görünəndən də daha dərin və təhlükəli bataqlığa düşməsi səbəbindən hətta manevr xatirinə də olsa Rusiya ilə yaxınlaşmağın ciddi risk və təhlükə daşıdığını hamı bilir. ABŞ-da olan qüvvələr də, Yunanıstan da və sair.

Türkiyənin manevr imkanlarını məhdudlaşdıran ikinci amil isə iqtisadiyyatda yaranan problem və çətinliklərdir. Bu məsələlər haqqında fikirlərimi ayrı-ayrı yazılarımda əks etdirdiyim üçün təkrara yol vermək istəmirəm.

Türkiyənin imkanlarını nisbətən genişləndirən amillər də mövcuddur. Bunlar Britaniya və digər bir çox dövlətlərlə olan ilıq münasibətlər, İsrail ilə əməkdaşlığa söykənən münasibətlərin getdikcə açıq müstəviyə keçməsi, Türkiyənin Yaxın Şərq məsələlərində oynadığı rol, NATO üzvü olması, güclü ordusu, Türkiyə Prezidentinin təcrübəsi, Türkiyəyə qarşı açıq düşmənçiliyin həmin düşmənçiliyi aparacaq (Yunanıstan vasitə olduğu üçün istisnadır) ölkələr üçün riskli olacağı və digər amillərdir.

Hər bir halda dünyada bir çox məsələlərin həlli üçün bundan sonrakı dövrdə müxtəlif regionlarda, dövlətlərdə, iqtisadi sektorlarda xaosların yaranacağı istisna deyil. Lakin, NATO üzvü olub regionda önəmli açar rolunu oynayan Türkiyənin bu xaosun içərisinə sürüklənəcəyi ehtmialı çox aşağıdır. Türkiyə Prezidentinin təcrübəsi, bu məsələlərin həllində xüsusilə seçki öncəsi önəmli rol oynacaq.

Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekpert

Son xəbərlər
Oxşar xəbərlər