Türkiyədə azərbaycanlı qanunsuz miqrantları nə gözləyir?

Azərbaycan hökuməti Türkiyədə qanunsuz miqrant həyatı yaşayan böyük sayda vətəndaşının hüquqi statusunun leqallaşdırılması məqsədi ilə siyahıya alma prosesinə başlayıb.

Azərbaycanın Türkiyədə qanunsuz miqrant vətəndaşlarının sayı ilə bağlı dəqiq statistika olmasa da, kütləvi bir rəqəmdən danışıldığı məlumdur.

Hökumətin müvafiq rəsmisi “yüz minlərlə Azərbaycan vətəndaşının” taleyinin müzakirə edildiyini bildirərkən, problemə yaxından bələd olan müşahidəçilər “1 milyona yaxın” bir rəqəmdən bəhs edir.

Azərbaycan tərəfi, nəhəng sayda qeyri-leqal miqrantarının taleyini Türkiyə tərəfi ilə birlikdə həll etmək niyyətindədir.

Türkiyə tərəfi isə 4 milyon suriyalı qaçqına ev sahibliyi edən bir ölkənin “öz kökündən, öz dini inancından olan insanları mağdur etməyəcəyini” bildirir.

Azərbaycanın Xarici və Daxili işlər İşlər nazirlikləri, Diaspora ilə İş üzrə Dövlət Komitəsi, Miqrasiya Xidməti, Təhsil Nazirliyi, ASAN xidmətin də daxil olduğu 13 dövlət qurumunun mütəxəssisləri problemin araşdırılmasına yönləndiriliblər.

Türkiyədə qanunsuz yaşayan azərbaycanlılara oturum veriləcək, türkiyə, qanunzus yaşamaq, azərbaycanlılar
Fotonun müəllifi: RADDAD JEBARAH/GETTY IMAGES – Miqrant işçilər nahar edir

“Sənədi olmayan insan necə olar?”

Turan Nağıyev 16 il əvvəl Naxçıvandan Türkiyəyə miqrasiya edib və o vaxtdan burada yaşayır. O, İstanbulda, əsasən, yükdaşıma və təmir kimi günəmuzd işlərdə çalışır.

“Burada qeydiyyatsız yaşadığımıza görə uşaqlarımız məktəbə getmir, hamısı sənədsiz qalıblar. Azərbaycan dövləti məsləni yoluna qoymaq üçün uşaqlarımıza sənəd verəcək. Hər millətin özünün sənədi olmalıdır. “Sənədi olmayan insan necə olar?!”, Turan Nağıyev sual edir.

“Elə uşaq var ki, 14 yaşı var, şəxsiyyəti müəyyənləşdirilməyib.

Mənim iki nəvəm var, heç birinin sənədi yoxdur, qızım evlənib “zaqs”ları yoxdur. İki uşağımın təhsili yoxdur. Yalnız böyük uşağım 5-ci sinfə qədər Naxçıvanda oxudu, sonra gəldik bura. O vaxtdan təhsil almadı”.

Qanunsuz miqrant kütləsi

Problemlə yaxından məşğul olan diaspora fəalı Kəbutər Haqverdiyeva BBC News Azərbaycancaya deyib ki, Türkiyədə “qanunsuz oturan valideynlər və onların azyaşlı uşaqlarından ibarət böyük bir kütlə yaranıb”.

Diaspor fəalı bildirir ki, azərbaycanlı qeyri-leqal miqrantların sayının 1 milyona yaxın olması ilə bağlı məlumatlara sahibdir.

“1990-cı illərdə 3, 5, 7, 11 yaşlarında gələn uşaqlar indi böyüyüb, özlərinin 15 yaşında uşaqları var. Təsəvvür edin ki, iki nəsil sənədsiz yaşayır. Yerli və beynəlxalq qanunlarla müəyyən olunmuş insan hüquqlarından, sosial haqlardan yararlana bilməyən toplum meydana gəlib”, Kəbutər Haqverdi deyir.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi belə vətəndaşlarının Türkiyədəki qeyri-leqal miqrant həyatından qurtulması üçün ilk cəhdləri göstərib. Sentyabrın sonlarında Azərbaycandan olan qeyri-leqal miqrantların İstanbulun müxtəlif səmtlərində kompakt yaşadıqları bölgələrdə silsilə görüşlər keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin III Ərazi (Asiya ölkələri) şöbəsinin böyük məsləhətçisi Kənan Məmmədovun sözlərinə görə, azərbaycanlı qanunsuz miqrantlar on illərdir ki, Türkiyə və Azərbaycan Respublikasının verdiyi fundamental hüquqlardan faktiki məhrum olublar – bu illərdə onların Azərbaycanla əlaqələri kəsilib, səhiyyə, təhsil, eyni zamanda yerli cəmiyyətə inteqrasiya proseslərindən kənarda qalıb, yerli cəmiyyətin tam hüquqlu üzvü statusunu itiriblər.

“Onların böyük hissəsinin müvafiq sənədləri olmadığından qeyri-rəsmi nikah əsasında ailə qururlar ki, bu da soydaşlarımızın qarşılaşdığı əsas problemlərdən biridir. Belə nikahlardan doğulmuş yüzlərlə azərbaycanlı uşaq heç bir yerdə rəsmi qeydiyyatı olmadan yaşamağa məcburdur. Valideynlərin şəxsiyyəti təsdiq edən sənədlərə sahib olmaması nəticəsində onlar yeni doğulmuş övladlarına da doğum haqqında şəhadətnamə ala bilmirlər” diaspora komitəsinin rəsmisi problemin miqyasını şərh edərkən bildirib.

“Siyahıyaalınma prosesinin Türkiyə ərazisində bu və ya digər formada problemi olan bütün vətəndaşlarımıza şamil olunması nəzərdə tutulmuşdur”, Kənan Məmmədov əlavə edib.

Azərbaycanlı qanunsuz miqrantlarla bağlı problem iki ölkə rəsmiləri arasında keçirilən müzakirələrin də əsas mövzusuna çevrilib.

Məsələ, ötən ilin oktyabrında Bakıda baş tutan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı İclasının və bu ilin aprelində iki ölkə xarici siyasət idarələri arasında Ankarada keçirilmiş IX konsulluq məsləhətləşmələrinin gündəliyinə də daxil edilmişdi.

Müzakirələr zamanı rəsmi Bakı, Türkiyə hökumətindən xahiş edib ki, problem Azərbaycan tərəfindən həllini tapdığı təqdirdə, Türkiyə tərəfi də 10 illərdir, qeyri-leqal miqrant həyatı yaşayan vətəndaşlarına qarşı “deportasiya qərarı və cərimələr tətbiq etməsin”.

“Belə cərimələr böyük məbləğləri əhatə etdiyindən, hazırda hər iki ölkənin müvafiq qurumları arasında məsələnin ən optimal həlli imkanları nəzərdən keçirilir”, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Kənan Məmmədov BBC News Azərbaycancaya müsahibəsində deyib.

Siyahıyaalınma zamanı vətəndaşlıq mənsubiyyəti müəyyən olunan şəxslərə Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəd veriləcək. “Türkiyə tərəfinin də güzəştləri nəticəsində onlar Azərbaycana gedərək və ya burdakı diplomatik missiyalarımızda Azərbaycana aid şəxsiyyət vəsiqələri və pasportlarla təmin olunaraq fəaliyyətləri leqallaşdırılacaq”, Azərbaycanın Ankaradakı səfirliyinin konsulu Şöhrət Mustafayev BBC News Azərbaycancaya bildirib.

“Türkiyədən deport olmayacaqlar”

“Bu problemin həllində önəmli olan insanların zərər çəkməsi deyil. Türkiyə dövləti 4 milyon qaçqına ev sahibliyi edir. Qalxıb da öz kökündən, öz dini inancından olan insanları mağdur edəcək deyil. Burada qaçaq yaşayan Azərbaycan vətəndaşları rahat olsunlar, onlar Türkiyədən deport olmayacaqlar. Mən bu prosesin birbaşa təqibçisi olacam”, Türkiyə parlamentinin üzvü Şamil Ayrım müsahibəsində bildirib.

Ayrım parlamentdə hakim AK partinin İstanbuldan olan təmsilçisi, eyni zamanda Azərbaycanla dostluq qrupunun rəhbəridir.

Onun sözlərinə əsasən, Azərbaycan tərəfinin lazımı sənədlərə təmin etdiyi şəxslər Türkiyədə oturma izni ala biləcəklər.

“Mənə çatan bilgilərə görə, bəzi adamlar insanların qeydiyyatını əngəlləməyə çalışırlar ki, guya siyahını müəyyənləşdirəndən sonra qaçaq yaşayanları deport edəcəklər. Onlar yanlış yerdədirlər. Azərbaycan hökuməti türk tərəfi ilə oturub danışıb. Azərbaycan tərəfi onlara kimlik sənədi, türk tərəfi də oturum verəcək. Onların burda yaşaması qanuniləşdiriləcək”, cənab Ayrım bildirib.