23 C
Baku
Monday, April 22, 2024

Türkiyədə zəlzələ olub — ölən və yaralıların sayı artır (YENİLƏNİR)

23:00 — Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan dörd azərbaycanlı tələbə xilas edilib. Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altından çıxarılıb.

22:15 — Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycandan gələn xilasedici qrupları Kahramanmaraşa çataraq zəlzələ bölgəsinə göndərilib. Bildirilir ki, xilasetmə qrupları təbii fəlakət bölgəsindədir.

21:50 — Türkiyədə 7 günlük ümummilli matəm elan edildi

19:52 — Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar (PUA) zəlzələ bölgəsinə dəymiş zərərin müəyyən edilməsi və axtarış-xilasetmə işlərinə cəlb edilib.


19:45 — Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edib. Qazaxıstan dövlət başçısı türkiyəli həmkarına başsağlığı verib, ölkəsinin dəstəyini ifadə edib.


18:59 — Kahramanmaraşda baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 1498-ə yüksəlib.


17:48 —  Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə, yaralı sayı 7634 nəfərə, dağılan bina sayı isə 2834-ə çatdı.


16:45 —  Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 403-ə, yaralıların sayı isə 1 284 nəfərə yüksəlib.


16:11 —  Türkiyədəki zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb.


15:08 —  İsrail müdafiə ordusu (ÇAXAL) Türkiyədəki zəlzələdən zərərçəkmişlərə yardım üçün hərbçilər göndərir.

“İsrail Silahlı Qüvvələrinin əsgərləri Türkiyədə baş vermiş zəlzələdə zərərçəkmişlərin xilas edilməsinə yardım üçün yola düşməyə hazırlaşır. İsrail Baş naziri və müdafiə naziri yardım missiyasını təsdiq etdikdən sonra hazırlıq prosesləri başlanıb”, – Adre qeyd edib.


14:43 —  Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkanlar olub. Bu Bakı vaxtı ilə 14:30 radələrində qeydə alınıb. İlkin məlumata görə, yeraltı təkanlar 7.8 bal gücündə olub.


14:10 — Ərdoğan: Türkiyədə zəlzələdə 912 nəfər həyatını itirib, 5 385 nəfər yaralanıb.


11:38 — NATO ölkələri Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olub, NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.


11:00 — Türkiyədə zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb, 2323 nəfər yaralanıb, Türkiyənin vitse-prezidenti Fuat Oktay deyir.


10:50 —  Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask güclü zəlzələnin yaratdığı dağıntıların aradan qaldırılması üçün Türkiyəyə yardım təklif edib. O, Türkiyə hökumətinin razılığı ilə özünün “SpaceX” şirkətinin “Starlink” peyklərini Türkiyəyə göndərməyə hazır olduğunu açıqlayıb.


09:52 — Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!”


09:46 — Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti Türkiyəyə göndərilir.


09:40 — AFP agentliyi bildirir ki, Suriyada zəlzələ nəticəsində yenilənmiş göstəricilərə görə, ən azı 111 nəfər ölüb.


09:24 — Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

“Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Biz hər zaman qardaş Türkiyənin yanındayıq. Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm. Allah rəhmət eləsin”.


08:57 — İtaliya Türkiyədə baş verən zəlzələdən sonra mümkün sunami dalğaları ilə bağlı xəbərdarlıq edib


08:57 — Türkiyə və Suriyada zəlzələ nəticəsində ümumilikdə 150 adam həyatını itirib, 400 nəfər yaralanıb.


08:33 — Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayaraq bildirib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub. Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb. Diyarbakır şəhərində ölkənin böyük hissəsini əhatə edən zəlzələ nəticəsində 6 nəfər ölüb, 79 nəfər yaralanıb.

Zəlzələ Suriyada da güclü hiss olunub. Hələb, Həma və Latakiyada ( Lazkiye) azı 42 nəfərin öldüyü, 200 nəfərin yaralandığı açıqlanıb.

FoCm7vlWAAQeGz0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Kahramanmaraş şəhərində baş verən və bir çox bölgəyə təsir edən zəlzələdən sonra tvitterində açıqlama yayıb.

“Kahramanmaraşda baş verən və ölkəmizin bir çox yerində hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm. AFAD-ın koordinasiyası ilə bütün müvafiq bölmələrimiz həyəcan vəziyyətindədir.

Axtarış-xilasetmə qruplarımız dərhal zəlzələdən zərər çəkmiş ərazilərə göndərilib. Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi, AFAD, Valiliklər və digər bütün qurumlar sürətlə işə başlayıblar.

Zəlzələdən sonra başlayan işləri də koordinasiya edirik. Ümid edirik ki, birlikdə bu fəlakətdən ən qısa zamanda və ən az zərərlə çıxacağıq, fəaliyyətlərimizi davam etdiririk”, – Türkiyə lideri qeyd edib.

Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib. Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu danışıb.

“Dördüncü səviyyədə həyəcan vermişik. Bu, özündə beynəlxalq yardımı ehtiva edən həyəcan təbildir”, – DİN başçısı bildirib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər