6 C
Baku
Thursday, February 22, 2024

Türkiyəli nazir: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti tam yenilənir”

Bakı-Tbilisi-Qars dəmir yolu tam yenilənir və hazırda bağlı olmasına səbəb də bu yenilənmə ilə əlaqədardır.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada media nümayəndələri ilə görüşündə deyib.

Nazir bildirib ki, oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çinə səfəri ilə bağlı planları var: “Çin Türkiyənin Konya, Aksaray, Yenice və Akdeniz xətlərində işlərin müştərək görülməsinə maraq göstərir. Bir sıra tenderlər keçirilib və bu istiqamətdə danışıqlar aparılıb.

Regionumuzun “Bir kəmər, bir yol”un fəaliyyəti ilə bağlı kifayət qədər imkanları var. Əksər ölkələr ya tranzit rolunu oynamaqla, ya da birbaşa iştirakla bu layihədə yer almaq istəyir. Bizim də hazırda yenilənən Bakı-Tbilisi-Qars dəmir yolu xəttimiz var”.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, tranzit daşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb. Dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahəsində təmir-bərpa, rekonstruksiya və tikinti işlərini sürətləndirmək və layihənin icrasını qısa müddətdə başa çatdırmaq üçün yeni podratçılar cəlb edilib.

2017-ci ildən ilkin olaraq istifadəyə verilmiş sözügedən dəmir yolu xəttinin çətin relyefli dağlıq və meşəlik ərazidən keçən Marabda-Kartsaxi sahəsində təmir-bərpa işlərinə başlanılması yol təsərrüfatının sağlamlaşdırılması, onun buraxıcılıq gücünün artırılması və hərəkətin təhlükəsizliyi baxımından həyata keçirilən tədbirlərdir. Hazırda aparılan cari işlər nəticə etibarı ilə Çin və Orta Asiyadan daha çox yükün qəbul edilərək Avropaya çatdırılmasında önəmli rol oynayacaq.

Hazırda təmir- bərpa işləri ilə əlaqədar müştərilərə alternativ marşrut təqdim edilir. Yeni marşrut ilə yüklər gəmilərlə Türkiyənin Dərincə, Mersin, Alsancaq, Marport və Evyap limanlarından Gürcüstanın Poti və Batumi limanlarına çatdırılacaq. Limanlarda konteynerlər platformalara aşırılaraq dəmir yolu vasitəsilə Bakı limanına daşınacaq. Daha sonra yük Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına, oradan da dəmir yolu vasitəsilə Orta Asiyadakı təyinat stansiyalarına göndəriləcək.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər