Türkiyənin dollar üzərində qələbəsi dünyanı dəyişəcək – RƏY

Lirənin zəifləməsinin əsas səbəblərindən biri investorların Türkiyə Mərkəzi Bankının Ərdoğandan asılı olmadığına dair şübhələridir. Eyni zamanda, Ankaranın vəziyyətini onun Vaşinqtonla olan münaqişəsi də qəlizləşdirir.

Bu barədə  “Alpari” analitik departamentinin direktoru, Rusiyanın ən nüfuzlu maliyyə təhlilçilərinin TOP-10-luğuna daxil olan Aleksandr Razuvayev bildirib.

Ekspert xatırladıb ki, avqustun əvvəlində ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edib. Ərdoğan cavab aksiyası kimi iki amerikalı nazirin hesablarını dondurub.

“Türkiyənin və ABŞ-ın münaqişəsi türk hakimiyyəti tərəfindən amerikalı keşiş Endrü Bransonun saxlanılması işi ilə bağlıdır. Protestant keşiş ötən il Kürd Fəhlə Partiyası (PKK) və FETÖ təşkilatına (hər ikisi Türkiyədə qadağandır) dəstək ittihamı ilə həbs edilib. Ankara FETÖ-nü 2016-cı ildə dövlət çevrilişinə cəhdin təşkilatçısı hesab edir”, – deyə Razuvayev bildirib.

Ekspert qeyd edib ki, çərşənbə günü (ötən həftə) Türkiyə nümayəndə heyəti danışıqlar üçün Vaşinqtonu ziyarət etsə də, tərəflər Bransonun azadlığa buraxılması barədə razılıq əldə etməyib və beləliklə, münaqişəni yoluna qoya bilməyiblər. Bundan sonra ABŞ prezidenti Donald Tramp Türkiyədən metal idxalına rüsumları iki dəfə artırmaq planlarını açıqlayıb.

Razuvayev iddia edir ki, dollardan imtina ideyası yeni deyil, o, 2016-cı ilin yayında Türkiyədə dövlət çevrilişinə cəhddən dərhal sonra səsləndirilmişdi.

“Şübhəsiz, məcburi tədbirdir. ABŞ-ın tətbiq etdiyi ticarət baryerləri və sanksiyaların fonunda dünyada azad ticarət və rəqabəti yaddan çıxarmalı olursan. Ankara, Moskva və Tehran Yaxın Şərq üzrə müttəfiqdirlər ki, bu da Vaşinqtonu çox qıcıqlandırır.

Əgər Ərdoğanın qərarı həyata keçsə, bu, yeni trendə çevriləcək və dünya tədricən digər valyutaların xeyrinə dollardan imtina edəcək.

Böyük ehtimalla, Rusiya və Səudiyyə Ərəbistanı OPEC-də islahat keçirəcək və neftə görə hesablaşmalarda dolların yerinə, təbii ki, Rusiya rublunun da daxil olacağı multivalyutalı səbətdən istifadə olunacaq”, – deyə Razuvayev qeyd edib.

©Oxu.az