Türkiyədən tədarük olunan böyük həcmli bal partiyaları ilin əvvəlindən dünyanın 29 ölkəsinə, o cümlədən Azərbaycana çatdırılıb.
Bu barədə Türkiyənin Şərqi Qara Dəniz İxracatçıları Birliyinin İdarə Heyətinin rəhbəri Saffet Kalyoncu məlumat verib.
Onun sözlərinə görə, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyə balı dünyanın 29 ölkəsinə ixrac olunub.
“İlk iki ayda xaricə 1256 ton bal göndərilib ki, bu da ölkəyə 5 milyon 179 min 996 dollar gəlir gətirib”, – S.Kalyoncu deyib.
Birliyin rəhbəri qeyd edib ki, türk bal istehsalçıları üçün ən böyük bazarlar ABŞ, Almaniya və Böyük Britaniyadır.
“ABŞ-a bal ixracı ölkəyə 1 milyon 944 min 149 dollar gəlir gətirib. Azərbaycan, Kanada, Oman, Malayziya, Şimali Makedoniya, Venesuelaya da bal tədarükü həyata keçirilib”, – deyə o bildirib.