12 C
Baku
Saturday, November 9, 2024

Türkiyə Ayda koloniya qurmaq istəyir

Türkiyə Ayda davamlı qalaraq fəaliyyət göstərmək istəyir.

Bunu Türkiyənin Kosmik Agentliyinin İdarə Heyətinin sədri Serdar Hüseyn Yıldırım deyib.

S.Yıldırımın sözlərinə görə, Türkiyənin kosmik tədqiqatlarda iştirakı üçün bir sıra dövlətlər və təşkilatlar müraciət edir:

“Bir çox müraciət və dəvətlər var. Amma hələ biz qərar verməmişik. Bilirsiniz ki, Ayda insanların yaşadığı kosmik baza qurulacaq. Təxminən 10 il sonra artıq biz buna şahid olacağıq. Bu baxımdan bizə uyğun olan ən uğurlu layihəni dəyərləndirməyi düşünürük”.

Türkiyə rəsmisi biznes sektorunun kosmik layihələrə daha çox cəlb edilməsi üçün davamlı addımlar atılmasının vacib olduğunu qeyd edib:

“İndiki dövr Yeni Kosmos Dövrü adlanır. Bu dövrdə dövlətlər yavaş-yavaş geri çəkilir, özəl sektor daha önə çıxır. Biz bunu ABŞ-da görürük. Kosmosa buraxılışların əksəriyyətini özəl şirkətlər həyata keçirir. Təbii ki, orada inkişaf etmiş infrastruktur var, lakin biz hələ o mərhələdə deyilik. Türkiyənin Milli Kosmik Proqramında əsas hədəflərdən biri də məhz kosmik ekosistemi inkişaf etdirməkdən ibarətdir, yəni biz biznes tərəfdaşlarımızı gücləndirərək, onların investisiyalarının artırılması üçün təşviqlərin verilməsi gözlənilir.

Amma belə bir çətinliyimiz var. Bəzi ölkələrin öz imkanları şirkətləri dəstəkləmək üçün çatmır. Ona görə də bu məsələyə mütləq qlobal baxmaq lazımdır. Yəni biz hansısa məhsulu istehsal etsək bunu dünyaya satmağı bacarmalıyıq. Sadəcə Türkiyə və Azərbaycanın daxilində sataraq fəaliyyətimizi davam etdirə bilmərik. Bunu bildiyimiz üçün infrastrukturu elə qurmalıyıq ki, bazara çıxacaq şirkət rəqabətə tab gətirsin”.

S.Yıldırım bu baxımdan startapların da mühüm əhəmiyyət kəsb etdiyini və təmsil etdiyi ölkənin onları dəstəklədiyini açıqlayıb:

“Artıq bir neçə startapımız var ki, onlar kosmik fəaliyyətlər həyata keçirirlər. Getdikcə belə bizneslərin sayı daha da artacaq. Kosmik fəaliyyətlər sürətlə inkişaf edir və dünya artıq bizdən qabaqdadır. Hesab edirəm ki, biz daha sürətli olmalıyıq ki, onlara çataq”.

Qeyd edək ki, adını yunan mifologiyasındakı Apollonun əkiz bacısı Artemidanın adını daşıyan NASA-nın “Artemis” layihəsi astronavtları Aya, insanları Marsa göndərmək məqsədi daşıyan daha iddialı kosmik səyahətlər üçün tramplin rolunu oynayaraq ən tez 2025-ci ilə qədər uzunmüddətli Ayda koloniya qurmaq missiyasına başlayacağı barədə artıq elan edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər