13 C
Baku
Friday, November 22, 2024

Türkiyə Azərbaycanın mehmanxana biznesi üçün mütəxəssislər hazırlaya bilər

Türkiyə qardaş Azərbaycana turizm sənayesi üçün mütəxəssis hazırlığı sahəsində də maksimum dəstək verməyə hazırdır.

Bunu Afyon Kocatepe Universitetinin Turizm fakültəsinin dekanı professor Elbeyi Pelit deyib. Onun sözlərinə görə, bu gün universitetdə turizm sənayesinin müxtəlif ixtisasları üzrə onlarca azərbaycanlı tələbə təhsil alır və onların sayı durmadan artır. Professor qeyd edib ki, Türkiyə ali məktəbinin məzunlarının bir qismi artıq həm müxtəlif dövlət qurumlarında, həm də mehmanxana biznesində çalışaraq Azərbaycanın inkişafına töhfə verir. Habelə Azərbaycandan olan mütəxəssislər Afyon Kocatepe Universitetində dərs deyirlər.

E. Pelit Türkiyə ali məktəbinin Azərbaycanın müxtəlif ali təhsil müəssisələri, o cümlədən Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti ilə əlaqələrindən də bəhs edib. “Mən şəxsən Mingəçevirdən olan tələbələr üçün onlayn formatda mühazirə keçmişəm. Tələbə və müəllimlərimizin mübadiləsi proqramı həyata keçirilir”, – deyə o bildirib.

Anadolunun zəngin qastronomik ənənələrindən söz açan professor qeyd edib ki, Afyonkarahisar bölgəsinə aid mətbəxin əsas xüsusiyyəti yemək hazırlanmasında xaşxaş toxumlarından ənənəvi istifadə olunmasıdır.

“Yarpaqları və toxumları heyvandarlıqdan tibbə qədər müxtəlif sahələrdə istifadə olunan bu bitkinin becərilməsi üçün dövlət kvotalar müəyyənləşdirib. Yeməklərdə xaşxaş toxumundan istifadə edilməsi onlara xüsusi ləzzət verir”, – E.Pelit qeyd edib.

Professor bildirib ki, universitetin tələbələri dünyanın müxtəlif ölkələrinin, o cümlədən Azərbaycanın milli mətbəxi ilə tanış olurlar.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər