Türkiyə hökuməti büdcə kəsirini azaltmaq məqsədilə lirə ilə ifadə olunan depozitlərdən və investisiya fondlarından əldə edilən gəlirlərə görə vergiləri artırıb, “Bloomberg” yazır.
Prezidentin fərmanına əsasən, altı ayadək əmanətlər üzrə gəlir vergisi 15 faizdən 17 faizə, bir ilədək əmanətlər üzrə isə 12 faizdən 15 faizə qaldırılıb. Pay fondlarından əldə olunan gəlirdən (səhmdar və müəssisə fondları istisna olmaqla) indi 15 faiz əvəzinə 17.5 faiz dərəcəsi ilə vergi tutulur.
Qeyd edək ki, Türkiyənin 2025-ci ilin ilk beş ayı üçün büdcə kəsiri bir ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq 650 milyard lirəyə (16 milyard dollar) çatıb. O cümlədən dövlət borcu üzrə ödənişlərin artması hesabına xərclər 44 faiz artıb.
Hökumət illik kəsirin 1.93 trilyon lirə olacağını gözləyir. Ortamüddətli perspektivdə kəsir ÜDM-in 3.1 faizi səviyyəsində hədəflənir.
Lirə ilin əvvəlindən bu yana 11.7 faiz ucuzlaşarkən, Türkiyə birja indeksi BIST 100 eyni dövrdə 2.5 faiz dəyər qazanıb.