Türkiyə dövlət bankları “Visa” və “Mastercard” kartlarının verilməsini dayandırır. Onların yerinə ölkədə “Troy” milli ödəniş sistemi istifadə ediləcək. Müvafiq sərəncamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Media bu dəyişiklikləri “dövlət ödənişlərinin yeni dövrü” adlandırır, çünki indi pensiyalar, təqaüdlər, sosial müavinətlər və s. “Troy” sistemi vasitəsilə ödəniləcək. “Visa” və “Mastercard” isə yalnız mövcud kartlar yeniləndikdə veriləcək.
Maraqlıdır ki, “Troy” Türkiyədə 2016-cı ildən fəaliyyət göstərir. O, ilkin olaraq ölkədə nağdsız ödənişlər üçün istifadəyə verilib. 2022-ci ildə Ankara ruslara “Mir” kartları əvəzinə bu ödəniş sisteminin kartlarından istifadə etməyi təklif edib.
Qeyd edək ki, 2024-cü ilin birinci yarısının sonuna qədər 185 ölkədə “Troy” kartları qəbul edilməyə başlayıb.