9 C
Baku
Sunday, November 17, 2024

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq.

Bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub.

A.Kərimov ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə münasibətləri bölgədə bütün türk dövlətləri üçün örnək nümunə olmalıdır.

Nazir görüş zamanı işğaldan azad olunmuş ərazilərdə aparılan geniş yenidənqurma və bərpa işləri barədə məlumat verib.

Görüş zamanı nazir Anar Kərimovun Türkiyəyə və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərlərindən də söz açılıb, ortaq layihələr və mədəniyyət sahəsində birgə fəaliyyətin və əməkdaşlığın perspektivləri müzakirə edilib. Ankarada keçirilən görüşün nəticəsi ilə bağlı mədəni əməkdaşlığın dərinləşdirilməsinə dair incəsənət, muzey, kitabxana, mədəni irs sahələrində davamlı işlərin aparılmasının vacibliyi qeyd olunub. Ankarada iki ölkə arasında mədəniyyət üzrə birgə komissiyanın iclasında müzakirə olunan və imzalanan sənədlərə dair tədbirlər planının hazırlanmasının yekunlaşdırılması və yaxın zamanda imzalanması ilə bağlı işlərin aparılması müzakirə olunub.

İki ölkə arasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə əməkdaşlıq çərçivəsində mədəni irsin qorunması, tarixi abidələrin bərpası istiqamətində də münasibətlərin inkişaf edərək genişlənməsindən məmnunluq ifadə edilib.

Görüşdə cari ilin 6-10 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcəyi, sərgi-yarmarkada Türkiyədən nümayəndələrin və nəşriyyatların da iştirakının nəzərdə tutulduğu bildirilib.

Həmçinin görüşdə “Yunus Əmrə İli” və “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan və Türkiyədə həyata keçirilən layihələr və gələcəkdə birgə təşkili planlaşdırılan tədbirlər barədə müzakirələr aparılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər