5 C
Baku
Friday, January 17, 2025

Türkiyə ilə Monqolustan arasında strateji tərəfdaşlıq sazişi imzalanıb

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxun Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın təsis edilməsi ilə bağlı Saziş imzalanıb.

Səfər zamanı Türkiyə ilə Monqolustan arasında nəqliyyat, təhsil, səhiyyə və tibbi elmlər, təbii sərvətlər, rəqabət siyasəti, meşə təsərrüfatı və ətraf mühit problemləri, idman sahələri, eləcə də milli televiziya və radio qurumları arasında əməkdaşlıq olmaqla, ümumilikdə on saziş imzalanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu qərarların ölkələr arasındakı əlaqələri daha irəliyə aparacağına inamını ifadə edib.

“Monqolustanın açıqladığı meqalayihələri nəzərə alaraq inşaat, infrastruktur, nəqliyyat, müdafiə sənayesi, mədənçilik, turizm, kənd təsərrüfatı, heyvandarlıq və digər sahələrdə əməkdaşlığı hədəfləyirik. İlk mərhələdəki hədəfimiz olan 100 milyon dollar səviyyəsindəki ticarət həcmimizin əsl potensialımızdan çox aşağı olduğunu düşünürük. Görüşlərimizdə ticarət mübadiləmizi artırmaq üçün tədbirlər barədə danışdıq”, – deyə Prezident Ərdoğan vurğulayıb.

Ölkələr arasındakı münasibətlərin ən mühüm istiqamətinin tarixi, bəşəri və mədəni əlaqələr olduğunu deyən Türkiyə Prezidenti bu əlaqələri dərinləşdirmək mövqeyinə sadiq qaldıqlarını bir daha təsdiqlədiklərini bildirib.

O, Bilgə Tonyukuk abidəsinin qorunması üçün Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin – TİKA-nın əməkdaşlığı ilə inşası həyata keçirilən muzeydə işləri bu il tamamlamağı planlaşdırdıqlarını deyib.

Qeyd edək ki, bu, Monqolustandan Türkiyəyə dövlət başçısı səviyyəsində təxminən 21 illik fasilədən sonra həyata keçirilən ilk səfərdir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər