Türkiyə ilin sonuna qədər İsveçin NATO-ya üzvlük müraciətini çətin ki, təsdiqləsin. Mənbələr bildirir ki, bunun gələn il Türkiyədə keçiriləcək prezident seçkilərinə qədər baş verməsi ehtimalı da azdır.
Bu barədə “Bloomberg” yazır.
Onların fikrincə, İsveç Türkiyənin tələblərini təmin etmək üçün kifayət qədər iş görməyib. Ankara Stokholmdan PKK-ya dəstəyi dayandırmağı və onun üzvlərini ekstradisiya etməyi, həmçinin Türkiyəyə silah satışına qoyulan məhdudiyyəti aradan qaldırmağı tələb edib.
Gələn ilin iyununda keçiriləcək prezident seçkiləri ərəfəsində Rəcəb Tayyib Ərdoğanın millətçilərin dəstəyinə ehtiyacı var. “Bloomberg” mənbələri deyirlər ki, tələbləri ilə o, onların səslərini qazanmağa çalışır.
Stokholm sentyabrda Türkiyəyə silah satışına qoyulan qadağanı ləğv edib. Amma Ərdoğanın əsas tələbi PKK-nın 70-dən çox üzvünün təhvil verilməsidir.