8 C
Baku
Monday, November 18, 2024

Türkiyə iqtisadiyyatı üçün kritik qərar necə olacaq?

TÜRKİYƏDƏ YÜRÜDÜLƏCƏK İQTİSADİ siyasət həm də Azərbaycan üçün əhəmiyyət kəsb edəcək.

Bu həftə Türkiyədə yeni nazirlər kabinetinin üzvləri məlum olacaq. Türkiyədə mövcud iqtisadi vəziyyət, monetar siyasət və bu vəziyyətin bizim ölkəmizin iqtisadiyyatına da mövcud və gələcək təsirlərini nəzərə alaraq kimin Xəzinə və Maliyyə Naziri, kimin Mərkəzi Bankın (TCMB) sədri olacağı və həmçinin hansı səlahiyyətlərlə olacağı önəmlidir.

Türkiyə Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri, Xəzinə və Maliyyə naziri və Mərkəzi Bankın sədri vəzifələrinə keçmiş Xəzinə və Maliyyə Naziri hörmətli Mehmet Şimşek və Lütfi Elvanın adları hallanır.

Lütfi Elvanın prinsipial, iqtisadi məsələlərdə doğru bildiyini həyata keçirən və doğru bilmədiyini etməyib istefaya qədər addım ata bilən bir xarakterə malik olduğu aydındır. Mehmet Şimşeyin də səlahiyyət almadan, müəyyən şərtləri yerinə yetirilmədən, xüsusilə icraçı qismində müşavir, nazir və ya Mərkəzi Bank sədri olacağına inanmıram. Olacaqsa deməli səlahiyyət və məsuliyyət sahibi kimi olacaq. Ona görə yox ki, xarakter olaraq sərtdirlər. Xeyir. Ona görə ki, vəziyyət düşündüyümüzdən daha gərgindir.

BAHA LİRƏNİN XOŞ GÖRÜNTÜSÜ

Türkiyə uzun illərin bahalı lirə siyasətinin xoş görüntüsü şəraitində (xüsusilə 2006-cı ildən etibarən) rahat bir şəkildə borclandı, bir çox sahələrdə ixrac idxalla əvəzləndi. Ət, taxıl kimi strateji məhsullarda idxaldan asılı vəziyyətə düşdü. Qısamüddətli borclanmalarla uzunmüddətli tikinti və meqalayihələr tədricən lirəyə ciddi təzyiq yaratdı. Səbəblər və səhvlər haqqında öncəki məqalə və statuslarımda yazdığımdan təkrar etmədən bundan sonrakı vəziyyəti qısaca dəyərləndirməyə çalışaq.

Uzun illərin bahalı lirə siyasətinin sona çatmasını bazar şərtləri və iqtisadi vəziyyət diktə edirdi. Türkiyə ucuz lirə siyasətinə getməli idi və getdi. Amma valyuta ehtiyatlarını tükəndirmədən və türk lirəsində lag (gecikmə) effekti yaratmadan getməli idi. Yəni, 2019-cu ildə türk lirəsinin real kursu 12 olmalı idisə, 6-7 ətrafında saxlamağa dəyməzdi. Ehtiyatlar tükəndi, vəziyyət gərginləşdi. Nəticədə, 2021-ci ildə lirə dollar qarşısında 20 olmalı idisə, 12-13 həddində saxlamağa çalışmağa dəyməzdi. Türkiyə 2 il gecikmə ilə real kursa (məcburən) çatır, hər dəfə də zaman itkisi həm də valyuta ehtiyatlarının tükənməsi, mənfiyə düşməsi və getdikcə böyüyən tədiyə balansında mənfi saldosu ilə üzləşdi. Əsas səbəb monetar siyasət və tərs faiz siyasəti. Bir böyük səhv. “Kur korumalı mevduat sistemi” kimi digər zərərli siyasət də əslində monetar siyasətin nəticəsi idi. Böyük mənfi nəticələri bu gün və sabah həyata keçiriləcək monetar siyasət baxımından Türkiyə üçün ən böyük baş ağrılarından biridir.

İndi isə müsbət tərəflərə baxaq.

Birincisi, Türkiyə sözün həqiqi mənasında o qədər təlatümlərə baxmayaraq möhtəşəm məşğulluq siyasəti yürütdü. Demirəm ki, Türkiyədə məşğulluq ideal, işsizlik çox aşağıdır. Mövcud iqtisadi təlatüm və vəziyyətə görə qeyd edirəm. Hər ölkə bu devalvasiyalarla və bu monetar siyasətlə bu məşğulluq səviyyəsini saxlaya bilməzdi.

İkincisi, tam bir Keynesçilik həyata keçirdi. Nə olursa olsun alıcılıq gücünü zəiflətməmək, istehsalı dəstəkləmək üçün maaş, təqaüd, xüsusilə minimum əmək haqqını davamlı artırmaq. Nəticə, Mərkəzi Bankın 1.2 trilyon lirəlik balansı 3.6 trilyon lirəyə (3 dəfə artım) çıxdı. Bu isə növbəti mərhələlərdə daha yüksək inflyasiya təzyiqi formalaşdırsa da, istehsal və ixracı ön plana çəkmək və bazarları itirməmək məqsədi güdən bu siyasət daha doğru idi.

Üçüncüsü, beton iqtisadiyyatını dayandırıb istehsala, xüsusilə müdafiə sənayesi, yüksək texnologiyalara yönəlmək, digər istehsal sahələrini ayaqda saxlamaq (bir çox sahələrdə geriləmə əlbəttə var) və bəzi sahələrdə artıma nail olmaq müvəffəqiyyətli addımlar oldu.

“Düzəlt, istifadə et, təhvil ver” mexanizminin Çindən gəldiyi, bu mexanizmin Çində qazandığı nailiyyətin nə üçün Türkiyə üçün ciddi zərərlərə yol açması ilə bağlı ayrıca geniş məqaləm var. Bu məsələyə geniş yer vermədən bircə qeydi xatırladım ki, layihələrdə öhdəliklər xarici valyutada olduğu üçün bahalı xarici valyuta bu layihələrin rentabelliyini minimallaşdırdı, zərərə çevirdi.

NEFT-QAZI OLMADAN NEFT-QAZ QOVŞAĞINA ÇEVRİLİB

Türkiyənin ən böyük uğuru. Nefti və qazı olmadan ölkəni neft və qaz qovşağına çevirdi. Nefti olmadan ən böyük neftayırma zavodlarından birini tikdi. Qazı olmadan ən böyük qaz paylayıcı şirkətlərdən birinə malikdir və Avropa qaz məsələsində üzünü qazı olmayan Türkiyəyə çevirib. Bu sadə bir məsələ deyil.

İqtisadiyyatda mövcud olan digər çatışmazlıqlar və boşluqlar da var, digər müsbət amillər də. Siyahı böyükdür. Ən vacib məqamları qeyd etdim. Lakin, ən əsas nəticə budur ki, bir səhv monetar, daha doğrusu faiz siyasəti qeyd etdiyim və etmədiyim bir çox uğurlu addımların, iqtisadi uğurların səmərəsini, təsirini minimallaşdırdı, bəzən 0-a qədər endirdi.

Ən böyük səhv isə doğru ideyanın, qərarın (ucuz lirə siyasəti) yanlış metodlarla tətbiqi oldu. Zamanlama yanlış oldu. Bir kiçik haşiyə çıxmaq istərdim. Burada bir də Rusiya-Ukrayna müharibəsi nəticəsində yüksək neft və qaz qiymətləri də Türkiyənin ticarət və tədiyə balanslarına ciddi zərbə vurdu.

Türkiyə lirənin öz real dəyərini, bazar kursunu tapmasına imkan yaratmalı, müdaxilə etməməli, sonra isə bu kursun sabitləşməsinə nail olmaq üçün valyuta ehtiyatlarından deyil, faiz siyasətindən (lazım olduqda artırmaqla) istifadə etməklə yuxarıda qeyd etdiyim uğurlu addımların səmərəsini daha da artıra, valyuta ehtiyatlarını qoruya, istehsal və ixracı artıraraq tədricən müsbət saldoya keçə bilərdi.

Bəs indi? İtkilər böyükdür. Vəziyyət kritikdir. Lakin, çıxılmaz, ümidsiz deyildir. Düzgün monetar siyasətlə ağrılı, çətin, təxminən 2 illik bir dövr keçiləcək. İqtisadiyyatın digər sahələri, xüsusilə qarşıdakı turizm mövsümü manevrlər etməyə, çökməyə məruz qalmadan düzgün monetar siyasət yürütməyə imkan verəcək. Türkiyənin çökməmək üçün ciddi dəstəkləri də mövcuddur. Dediyim kimi, bu siyasəti yürütmək üçün həm böyük səlahiyyət, həm müstəqillik (xüsusən Mərkəzi Bank üçün), həm də siyasi iradənin bunları ciddi şəkildə dəstəkləməsi tələb olunur. İqtisadiyyat və Mərkəzi Bankın sükanı arxasına keçəcək namizədlər bunları qarantiya altına alsalar bu vəzifəyə razı olacaqlar. Əks halda… sadəcə başqa bir variant olmadığı üçün əks halda məsələsinin də olmadığını düşünürəm.

Türkiyə iqtisadiyyatının yüksəlməsi, inkişaf etməsi Azərbaycan üçün çox vacibdir. Bir çox səbəblərdən. Təkcə siyasi tərəfdən deyil, ən çox  iqtisadi tərəfdən… Bu səbəbdən bundan sonrakı dövr bizi ciddi maraqlandıracaq və daha yaxından izləməyə məcbur edəcək.

Haşiyə çıxaraq bildirirəm ki, Hörmətli Mehmet bəyin faiz və monetar siyasətlə bağlı fikirləri ilə tam tanış deyiləm. Xarakteri baxımından isə, bu vəziyyətdə iqtisadi sahədə hər hansı vəzifə ilə razılaşarsa, bu Türkiyə Prezidentinin müstəqil faiz siyasəti ilə razılaşdığı deməkdir. Hörmətli Lütfi bəyin monetar siyasətlə bağlı fikirləri ilə birbaşa tanışlığım olduğu üçün onun da hər hansı vəzifəyə razı olması ciddi bir məsuliyyət, müstəqil siyasət və manevr imkanları üçün razılıq aldığı deməkdir.

Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər