Türkiyə iqtisadiyyatında baş verənlər bütün dünyanın diqqət mərkəzindədir. Amma bu baş verənlər bizi sadəcə maraqlandırmır, həm də qayğılandırır.
Türkiyə Mərkəzi Bankı (TMB) faiz dərəcələrini gözlənildiyi kimi 1 faiz bəndi də aşağı saldı və hazırda TMB-nin faiz dərəcəsi 14%-dir. Dollar isə 17.17 TL-yə qədər qalxdı, sonra Mərkəzi Bankın 2 milyard dollarlıq (ilkin rəqəmdir) müdaxilələrindən sonra azacıq geri 16.4 TL-yə gerilədi. Mərkəzi Bankın bu həftə müdaxilələrinin həcmi 4.5 milyard dollar və son müdaxilə ilə birlikdə 6.5 milyard dollar (bunlar rəsmi olaraq ictimaiyyətə bildirilən rəqəmlərdir).
Getdikcə artmaqda olan inflyasiyanın təsirlərini yumşaltmaq və alış gücünü artırmaq üçün minimum xalis əmək haqqılar 4250 Tl-yə qədər (50%-dən çox) artırıldı. Yanvar ayından etibarən tətbiq olunacaq bu artım ümid və sevinc yaratdı. Bu artıma əhalinin ayrı-ayrı təbəqələrinin münasibətləri fərqlidir. Hazırki məqamda iqtisadiyyatda baş verənlər və həmin baş verənlərin fonunda bu artımın əslində nələrin carçısı, ilkin indikatoru olduğunu qısaca təhlil etməyə çalışaq.
– Türkiyənin 2022-ci il büdcəsinə kursun kəskin dəyişməsi nəticəsində yenidən baxılacaq. Bu dekabr ayında da ola bilər, növbəti aylarda da. Amma qaçılmazdır. Büdcə xərcləri kəskin şəkildə artacaq, artmasa iqtisadiyyatın daralmasına səbəb olar. Xərclərin artması əlavə pul dövriyyəsi tələb edəcək. Əlavə pul dövriyyəsi isə ya əlavə pul çapı, ya da daxili borclanma ilə həll edilə bilər. Daxili borclanma isə müəyyən həddə qədər mümkündür. Həm maliyyəti yüksəkdir, həm də pul çatışmazlığı yaradar. Deməli TMB əlavə pul çapını daha da artırmalı olacaq. Bu isə inflyasiyanı daha da tətikləyəcək.
– Minimum əmək haqqının indiki vaxtda artımı inflyasiyanı daha da gücləndirəcək. Əlavə olaraq, minimum əmək haqqından vətəndaşdan tutulan gəlir vergilərini ləğv etdilər (təxminən 450 TL-yə yaxın bir rəqəm). Bu da büdcə daxilolmalarına mənfi təsir göstərəcək. Digər tutulmalar təbii ki, qalacaq. (SGK primi 14% + işsizlik sığorta primi 1% = cəmi tutulmalar 750.60 TL) Brut minimum əmək haqqı 5004 TL – 750.60TL = 4253 TL. Məlumat üçün qeyd edim ki, işəgötürənin də öz ödəmələrini nəzərə alsaq, bu artımın işəgötürənə maliyyəti isə 5800 TL civarındadır. İxracla məşğul olan sənaye, xidmət sektoru üçün bu artım yüksək maliyyə yükü deyildir, əksinə, o sektorlar qazanacaq. Amma idxalla məşğul olan, daxili istehlak üçün istehsal edənlər və ya daxili xidmət sektoru üçün bu günki şərtlərdə yükdür. Burada qeyri-formal məşğulluq riskləri artır. Amma Türkiyədə milli düşüncə, formalaşmış iş adamı kültürü bu riskləri yumşaldacaq amillər kimi dəyərləndirilə bilər.
– Əsas məsələ isə budur ki, bu artım mövcud qiymətlər fonunda sürətlə zəifləmiş alıcılıq qabiliyyətini hiss olunacaq dərəcədə bu gün kompensasiya etsə də, yanvar ayından etibarən artacaq qiymətlərin fonunda yenə zəif qalacaq. Mərkəzi Bankın mövcud faiz dərəcəsi siyasəti davam edərsə və faizlər 14% ətrafında qalarsa (yanvar ayında yenə də faiz endirimini təsəvvür etmək belə çətindir) artan dollar kursunun həm kumulyativ, həm də lag (gecikmə) effekti və son 2 gündə benzin və digər yanacaq növlərinin qiymətlərinin artması və ən əsası xəzinənin borclanma faizinin 24% ətrafında olmasını nəzərə aldıqda dolların 20 TL-yə doğru getdiyini görürük. Amma qızışan bazara benzin deyil, su tökülsə (bazara inam vermək üçün, Mərkəzi Bankın müstəqil olduğunu, dolların kursu üçün hədəf bir rəqəmin bildirilməsi, həmin hədəfi keçərsə Mərkəzi Bankın faizləri artıracağı mesajını verməsi, faiz azaltmalarını saxlaması, hətta 1-2 faiz bəndi artırması ilə), düşünürəm ki, rahat bir şəkildə kursu 12-13 həddinə çəkmək mümkündür. Amma bunlar olmasa, yanvar-mart aylarında daha da güclənən inflyasiya şoku yaşanar. Çünki, indiki inflyasiya 1 dollar = 16Tl kursunun deyil, 1 dollar = 10TL kursunun nəticələridir. Yəni, kurs artışının inflyasiyaya tam təsiri eyni gündə olmur, eyni günlərdə bu təsir daha çox psixoloji və sonra baha alacam düşüncəsi ilə nisbi qiymət artımları və inflyasiya gözləntiləridir. Əsl təsir bir neçə aylar sonra olur. 1 dollar = 16TL-dən yüksək kursun isə inflyasiyaya gözlənilən təsirləri yanvar ayından tətbiq olunacaq minimum əmək haqqını sadəcə olaraq əridəcək. Yenidən minimum əmək haqqının artımı məsələsi gündəmə gələcək. Artım olsa belə, yenidən qeyd etdiyim zərərli çevrə dövriyyəyə girəcək.
– Türk lirəsinin dəyər itirməsi ixrac və xidmət sektorunun (daha çox turizm) artımına səbəb olur. Burada böyük bir yarış başlayır. İxracın və xidmət sektorunun artım sürəti və onun müsbət nəticələri idxal və idxalın artım sürəti və mənfi nəticələrini üstələyərsə Türkiyə iqtisadiyyatı 2022-ci ilin sentyabr-oktyabr aylarından etibarən müsbət istiqamətli relsə düşə bilər. Amma əksi olarsa.. qardaş ölkə haqqında neqativ və riskli düşünmək istəmirik. Dollar kursunun makroiqtisadi mənfi təsirlərinin siqnalları artıq alınmaqdadır. İstanbul Mankul Kiymetler Borsası (birjası) 10% gerilədiyi üçün sistem avtomatik olaraq əməliyyatları saxladı. (bütün dünya birjalarında çöküşün qarşısını almaq və riskləri yumşaltmaq üçün sistem proqramlaşdırılıb ki, məsələn eniş 10%-i keçdikcə sistem avtomatik olaraq əməliyyatları saxlasın və birja əməliyyatlarını saxlayaraq nəfəs alsın).
– Bir ölkənin bahalı valyutası üçün yüksək faiz iqtisadiyyatı nə qədər əridib dağıdan bir amildirsə, zəif valyuta üçün də aşağı faizlər iqtisadiyyatı bir o qədər əridib dağıdan bir amildir. İndi Türkiyədə olduğu kimi. Baxmayaraq ki, faizlərin endirilməsi daha çox ucuz kreditlərin verilməsinə də hesablanmışdı, nəinki aşağı faizli kreditlərin, hətta ümumiyyətlə kreditlərin verilməsi banklar tərəfindən hazırda dayandırılıb. İqtisadi qanunauyğunluqlar pozulub. TMB-nin faiz dərəcəsi 14%, xəzinənin hazırda borclanma faiz dərəcəsi 23-24% ətrafında, inflyasiya isə rəsmi olaraq 20% ətrafında olsa da, türk iqtisadçılarının hesablamalarına görə 50%-dən çoxdur. İstər rəsmi, istər qeyri-rəsmi inflyasiya rəqəmlərinə görə Türkiyə neqativ faiz dərəcəsi dövrünü (neqativ faiz dərəcəsi o deməkdir ki, Mərkəzi Bankın faiz dərəcəsi inflyasiyanın altındadır, inflyasiya dərəcəsindən azdır. Bu halda isə banklar faktiki olaraq biznesə kredit vermir. Biznes kreditləri yoxsa, iqtisadiyyat genişlənə bilmir). Bu vəziyyət qısa müddət davam edə bilər, uzun müddət mümkün deyil.
– Düşüncələrimə görə, baş verənlərin fonunda mövcud vəziyyət göstərir ki, əslində Türkiyəyə (kənardan da) investisiya, valyuta girişi, müsbət mənada müdaxilə (investisiya) həyata keçirilir. Amma Türk iqtisadiyyatı çox böyük və dərin iqtisadiyyatdır. Hazırki mərhələdə bu müdaxilələr kifayət etmir.
– Burada ən əsas məsələlərdən biri də psixoloji məsələdir. Məhz bu sahədə ciddi problemlər vardır və psixoloji idarəetmə yaranan risklərin yumşaldılması üçün kifayət etmir. İqtisadi böhran idarəetmədə təcrübəsizlik açıq-aydın hiss olunur. Həm də, dəfələrlə qeyd etdiyim kimi sürət başgicəlləndirici sürətdir.
– Türkiyənin Çin modelindən daha uğurlu Almaniya, Yaponiya, hətta İtaliya modellərini deyil, məhz Çin modelini seçməsi yüksək risk daşıyır. Cənubi Koreya, Sinqapur modelləri Türkiyə üçün uğurlu model hesab edilə bilməz.
– Nəhayət, təkcə Türkiyə deyil, bir çox inkişaf etməkdə olan ölkələrin düşdüyü bir çox iqtisadi tələlər olur. Bunlardan cəmi ikisinə toxunaq. Əvvəla, hazırda qlobal iqtisadiyyat petrodollar sistemi ilə idarə olunur. Bu sistem hər kəsin düşündüyü qədər asan, anlaşıqlı və dayaz bir sistem deyil. Bu sistemin fəlsəfəsini anlamaq, dərinliyini dərk etmək üçün gərək həm dünya bank və maliyyə sistemini dərindən dərk və hiss edəsən, hətta praktik olaraq içində olasan, həm də monetar, fiskal və proteksionist siyasətləri həm nəzəri, həm praktik olaraq anlayıb işləmə tərzlərini hiss edəsən. Bu sahədə ciddi çatışmazlıqlar səbəbindən ölkələr çox ciddi və ilk baxışda hiss edilməyən səhvlərə yol verirlər. Digər tərəfdən, sadə bir məntiq var ki, əgər hansısa ölkə bir sistemin içərisindədirsə, həmin sistemin mexanizmlərinə, prosedurlarına qarşı gəlməsi, təkərə çomaq soxmaq istəməsi həmin ölkələr üçün ciddi siyasi və iqtisadi problemlərlə nəticələnir. Uzağa getməyək. Son 20 ildə belə ölkələrin bir çoxunu gördük. Hərəkətdə olan böyük bir maşının qarşısına keçib onu əllə saxlamağa çalışmaq nə qədər təhlükəlidirsə, bu sistemin işləyiş mexanizmlərini yox saymaq bir o qədər təhlükəlidir. Heç bir siyasi deyil, sırf iqtisadi məsələləri nəzərdə tuturam.
– İkincisi, iqtisadiyyat təkcə rəqəmlərdən, statistikadan, müqayisələrdən ibarət deyil. Statistik rəqəmləri doğru olan bir iqtisadiyyat da yoxdur. Sadəcə olaraq, bəzi ölkələrdə iqtisadi göstəricilərin kənarlaşma dərəcəsi 10%-dir, bəzilərində 50%, bəzilərində 100% və daha çox. İqtisadi göstəricilər indikativdir, trendi göstərir. Əsas məsələ iqtisadiyyatın fəlsəfəsidir. İqtisadiyyatı rəqəmlər əsaslı deyil, fəlsəfəsini doğru şəkildə anlayıb düzgün idarə edən ölkələr nəticədə ən yüksək rəqəmlərə də nail olurlar. Bu gün qardaş ölkə iqtisadiyyatında iqtisadi mexanizmlər, yaranan strateji risklər, iqtisadiyyatın dərin bir şəkildə təhlili deyil, rəqəmlərin müqayisəsi və mübahisəsi gündəmə çevrilib. Bu çox təhlükəlidir.
Türkiyə iqtisadiyyatının tezliklə stabilləşərək ən güclü iqtisadiyyatlardan birinə çevrilməsini qardaş ölkənin özü qədər biz də istəyirik, biz də maraqlıyıq. Türkiyə iqtisadiyyatı güclü və altyapısı möhkəm olan iqtisadiyyatdır. Nə qədər dərin böhran olsa da, əvvəl-axır öhdəsindən gələcək. Sadəcə, ödəyəcəyi hesablar, bədəllər məsələsi var. Bir də gələcək inkişaf istiqamətinə mənfi təsir göstərəcək addımların atılmaması məsələsi çox önəmlidir.
Müəllif:
Elman Sadıqov,
İqtisadçı-ekspert