Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 20,8 milyon manat investisiya yatırılacaq.
Türkiyə kapitallı “Birlik Deri” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib, rezidentlərin sayı 28-ə çatıb.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində dəri və dəri məmulatların istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 20,8 milyon manat olan layihə çərçivəsində 250-dən çox yeni iş yeri yaradılacaq.
İtaliya, Türkiyə, Cənubi Koreya kimi qabaqcıl ölkələrin texnologiyalarından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Qeyd: Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 32 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2300-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 92 milyon manatdan çox investisiya yatırılıb, 370-dən artıq iş yeri yaradılıb.