11 C
Baku
Sunday, November 17, 2024

Türkiyə parlamenti mayeləşdirilmiş qaz ixracı ilə bağlı qanun layihəsinə baxacaq

Türkiyə mayeləşdirilmiş qaz ixracatçısı olmaq imkanını nəzərdən keçirir – müvafiq qanun layihəsi ölkə parlamentinə təqdim edilib, “Ekonomim” qəzeti yazır.

“Parlamentə təqdim edilən qanun layihəsinə əsasən, ölkə daxilində istehsal olunan və müxtəlif mənbələrdən idxal olunan təbii qaz Türkiyədə mayeləşdirilərək dünya bazarlarına LNG şəklində satıla bilər”, – mesajda deyilir.

Qəzet qeyd edir ki, bu təşəbbüslər Rusiyanın Türkiyədə təklif etdiyi qaz qovşağı layihəsinin məqsədləri ilə üst-üstə düşür. Rusiya Türkiyənin ən böyük təbii qaz tədarükçülərindən biridir.

Türkiyənin qaz qovşağından ilk dəfə 2022-ci ilin oktyabrında danışılıb. “Şimal axını”nda terror aktından iki həftə sonra Rusiya Prezidenti Vladimir Putin itirilmiş qaz tranzit həcminin Qara dəniz regionuna köçürülməsi ideyasını irəli sürüb. Onun sözlərinə görə, Türkiyədə qaz qovşağı yaratmaq olar ki, bu da digər ölkələrə, ilk növbədə Avropaya tədarük üçün platformaya çevriləcək, həm də qazın qiymətinin müəyyənləşdirilməsinə xidmət edəcək.

Ötən ilin noyabrında Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirmişdi ki, Ankara Türkiyənin qaz ticarət platformasını beynəlxalq səviyyəyə çatdırmaq üçün “Qazprom”la danışıqlar aparır. Onun sözlərinə görə, respublika qaz ticarəti üçün elektron platformanın yaradılması üzrə işləri 2024-cü ildə başa çatdıra biləcəyini gözləyir.

Son xəbərlər
Digər xəbərlər