Türkiyənin bütün ərazisini əhatə edəcək çoxsəviyyəli inteqrasiya olunmuş “Polad Günbəz” hava hücumundan müdafiə sisteminin gücləndirilməsi məqsədilə ümumilikdə 6,5 milyard dollar dəyərində yeni müdafiə kontraktları imzalanıb.
Kontraktların imzalanma mərasimi HAVELSAN müdafiə şirkətinin binasında Türkiyə Müdafiə Sənayesi İdarəsinin (SSB) rəhbəri professor Haluk Görgün, “ASELSAN”ın baş direktoru Ahmet Akyol, “Roketsan” şirkətinin rəhbəri Murat Ikinci və Türkiyə Silahlı Qüvvələrinin və digər müdafiə şirkətlərinin nümayəndələrinin iştirakı ilə baş tutub.
Müəyyən növ yerli raketlərin və hava hücumundan müdafiə sistemlərinin seriyalı istehsalının qurulmasını nəzərdə tutan sazişlər Türkiyə Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə hazırlanan “Polad Günbəz” sistemini gücləndirməyə imkan verəcək.
İştirakçılara müraciət edərək Haluk Görgün Türkiyənin müdafiə sənayesinin nailiyyətlərinə diqqət çəkərək, ölkənin hazırda dünyanın TOP-10 silah ixracatçısı arasında olduğunu qeyd edib.
O, Türkiyə Müdafiə Sənayesi İcra Şurasının son iclasından sonra Türkiyə Silahlı Qüvvələri ehtiyacları üçün ayrı-ayrı növ hücum xarakterli silahlarının, eləcə də hava hücumundan müdafiə sistemlərinin alınması barədə qərarlar qəbul edildiyini xatırladıb.
“Polad Günbəz” layihəsi ilə bağlı SSB rəhbəri vurğulayıb ki, çoxsəviyyəli hava hücumundan müdafiə sistemi üçün proqram təminatı da daxil olmaqla bütün komponentlər yerli istehsaldır.
Mediada yayılan məlumatlara görə, “Polad Günbəz” hava hücumundan müdafiə sistemi bir neçə eşelondan ibarət olacaq: ЗРK yaxınmənzilli hava hücumundan müdafiə sistemləri, qısa və ortamənzilli hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli hava hücumundan müdafiə sistemləri və lazer müdafiəsi.







