Qara dənizdə yerləşən Türkiyənin “Sakarya” yatağından təbii qazı quruya nəql edilməsi üçün dənizin dibinə boruların çəkilməsi işlərinin ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
O, 2020-ci ildə kəşf edilən yataqdan ilk təbii qaz hasilatının 2023-cü ildən etibarən başlayacağını qeyd edib.
Fatih Dönməz onu da əlavə edib ki, 2023-cü ildə gündəlik qaz hasilatının 10 mln. kubmetr səviyyəsində olacağı gözlənilir, lakin 2026-cı ildə hasilatı maksimum səviyyəyə çatdırmaq planlaşdırılır.
“İkinci mərhələdə gündəlik 40 mln. kubmetr hasilatı hədəfləyirik. Onu 50 mln. kubmetrədək çatdıra bilərik. 2026-2027-ci illərdə ölkədə istifadə olunan qazın 25-30 faizini bu yataqdan hasil etmiş olacağıq”, – nazir vurğuladı.
Xatırladaq ki, Türkiyə bazar ertəsi Qara dənizdəki “Sakarya” yatağından təbii qazın quruya çatdırılacağı kəmərin ilk borularının qaynaq edərək dənizə endirib. Türkiyə Qara dənizdə 540 mlrd. kubmetr qaz hasilatı və nəqli layihəsinə təxminən 10 mlrd. dollar sərmayə qoyacaq.
Türkiyənin Qara dəniz şelfindəki Sakarya qaz yatağından Filyos limanına qədər qaz kəmərinin dəniz hissəsinin ümumi uzunluğu 155 kilometr olacaq.