“Türkiyə Rusiya ilə hər sahədə əməkdaşlığı davam etdirməkdə qərarlıdır”.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra xarici jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Silahlı hücum nəticəsində qətlə yetirilən Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun vəfatının 5-ci ildönümündə Türkiyə ilə Rusiya arasındakı münasibətləri dəyərləndirən Mövlud Çavuşoğlu deyib ki, A.Karlov çətin bir dövrdə Türkiyə-Rusiya əlaqələrinin inkişafında mühüm xidmətlər göstərib, iki ölkə arasındakı əlaqələrə töhfə verən ən təcrübəli diplomat olub: “Onun itkisi rus xalqı qədər bizim xalqımızı da dərindən kədərləndirdi”.
A.Karlova qarşı törədilən əməlin terror aktı olduğunu vurğulayan M. Çavuşoğlu bu hücumu həm də Türkiyə-Rusiya dostluğuna qarşı yönəlmiş hərəkət kimi qiymətləndirib: “Ancaq Türkiyə və Rusiya bu fitvaya getmədi. Karlova hücum Türkiyə-Rusiya əməkdaşlığına xələl gətirmək istəyən bir çox güc mərkəzlərinin mövcudluğunu ortaya çıxardı. Bu mənada bizim dostluğumuzu pozmaq istəyənləri məyus etdik. Yaxın keçmişdə diplomatlarını və səfirlərini terrora ən çox qurban verən Türkiyə bu ağrının nə olduğunu yaxşı bilir. Türkiyənin xarici işlər naziri olaraq 5 il öncə mən Moskvada “Vnukova” hava limanında həmkarım Sergey Lavrovla onun cənazəsini qarşılama mərasimində iştirak etdim və kədərli ailəsinə başsağlığı verdim. Buradan bir daha başda ailəsi, yaxınları olmaq üzrə Rusiya xalqına və dövlətinə başsağlığı verirəm”.
Həm də regional məsələlərdə Rusiya ilə yaxın dialoq qurulduğunu vurğulayan M.Çavuşoğlu iki ölkə arasında fərqli baxışların olduğu məsələlərdə belə, regionda sülh və rifahın ön plana çıxmasının nəzərə alınaraq problemlərə məsuliyyətlə yanaşıldığını deyib: “Rusiya ilə qarşılıqlı hörmət və ümumi maraqlarımız əsasında səmərəli əməkdaşlığı davam etdirməyə qərarlıyıq”.
APA