13 C
Baku
Friday, November 22, 2024

Türkiyə təbii qazı xüsusi brend ilə tədarük edəcək

Ankara Türkiyəyə nəql olunan təbii qazı 30-dan çox ölkəyə “Turkish Blend” vahid brendi altında ixrac etməyi planlaşdırır. Yəni qazı hansı ölkənin tədarük etməsinin fərqi yoxdur və ixrac olunan mavi yanacağın da Türkiyənin özündə hasil olunması vacib deyil. Bu, “qaz qovşağı” anlayışından irəli gələn bir təşəbbüsdür.

Bu barədə jurnalistlərə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

Onun sözlərinə görə, enerji qovşağına çevrilmək üçün enerji resurslarının bolluğu və çoxlu sayda tədarükçünün olması lazımdır: “Bir ölkədən gələn qaz digəri ilə rəqabət aparmalıdır”.

Energetika Nazirliyinin rəhbəri vurğulayıb ki, Türkiyənin BOTAŞ enerji korporasiyası Rusiyanın “Qazprom” şirkəti ilə Türkiyədə Qaz Ticarət Mərkəzinin işini tənzimləyən birgə əməliyyat şirkətinin yaradılması layihəsini müzakirə edir. O qeyd edib ki, Rusiya tərəfi ilə dialoqda heç bir problemli məsələ yoxdur.

Nazir xatırladıb ki, həmin mərkəzin EPİAŞ-ın (Türkiyənin enerji bazarını idarə edən dövlət şirkəti – red.) ofisinin də köçürüləcəyi İstanbul Maliyyə Mərkəzinin ərazisində fəaliyyət göstərməsi planlaşdırılır. O əlavə edib: “Prinsipcə, razılaşma paritet əsasda şirkət yaradılmasını nəzərdə tutur. Lakin proses müəyyən vaxt tələb edir”. Bayraktar qazın qiymətlərinin Qaz Ticarət Mərkəzinin platformasında formalaşacağını da qeyd edib.

O, həmçinin mayeləşdirilmiş təbii qazın iki üzən anbarı və qazlaşdırma qurğusunun tutumunun artırılması istiqamətində görülən işlərə diqqət çəkib: “Əgər 2016-cı ildə Türkiyədə mayeləşdirilmiş təbii qazın 30 milyon kubmetr həcminin vurulması mümkün idisə, hazırda bu rəqəm 161 milyon kubmetrə çatır. İstənilən halda, Türkiyənin istehlak etdiyi qazın yarısı LNG ilə təmin edilə bilər”.

Nazir qeyd edib ki, Ankara ABŞ, Qətər, Əlcəzair, Nigeriya və Omandan LNG tədarükü üzrə müqavilələr bağlayıb.

Onun sözlərinə görə, Türkiyənin infrastrukturu ölkənin ehtiyac duyduğu daha çox qaz almağa imkan verir. Yeraltı qaz anbarlarının (QQS) genişləndirilməsinə qoyulacaq sərmayələr LNG-ə və BOTAŞ dövlət şirkətinin qazpaylama sisteminə investisiyalar kimi hesablanır.

Türkiyəyə tədarük olunan qazın potensial bazarlarına gəlincə, o qeyd edib ki, söhbət qonşu Bolqarıstan və Yunanıstandan gedir. Bayraktar diqqətə çatdırıb: “Bolqarıstandan gələn boru kəməri qazın Rumıniya, Macarıstan, Slovakiya, Makedoniya və Serbiyaya çatdırılmasına imkan verəcək. Bu yolda yeganə maneə Bolqarıstanda 3,5 milyard kubmetrlə məhdudlaşan boru kəmərinin gücüdür”. Onun sözlərinə görə, Bolqarıstandan keçən qaz axınının ikiqat artırılması istiqamətində addımlar atılır: “Yeni qaz boru kəmərinə ehtiyac yoxdur. Mövcud imkanları genişləndirmək üçün investisiyalar lazımdır”.

Türkiyədə Cümhuriyyət Gününün geniş qeyd olunacağı bu ilin oktyabrın 29-na qədər Akkuyu AES-də elektrik enerjisi istehsalına başlanılması ehtimalını şərh edən nazir, həmçinin Mersin AES-də sınaq işlərinin davam etdiyini qeyd edib. “Biz Almaniyadan nüvə stansiyaları üçün avadanlığın tədarükünü gözləyirik. Təbii ki, bu avadanlıq dünyada təkcə “Siemens” tərəfindən istehsal olunmur, lakin tədarükçünün dəyişdirilməsi vaxt aparacaq. Ona görə də istehsala başlanma tarixi gecikə bilər”, – deyə o bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər