Türkiyə turizm reytinqində dünyanın ilk dörd ölkəsi siyahısına daxil olub. 2024-cü ildə qardaş ölkəyə 56,7 milyon xarici turist səfər edib.
Bu barədə respublikanın mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.
“BMT-nin Dünya Turizm Təşkilatının 2025-ci ilin may ayı üçün dərc etdiyi Dünya Turizm Barometrinə görə, Türkiyə 2024-cü ildə 56,7 milyon xarici turist qəbul edərək dünyanın ən böyük turizm məkanına çevrilib”, – deyə nazir “X” sosial media şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Türkiyə əvvəlki il ilə müqayisədə bir pillə irəliləyərək 5-ci yerdən 4-cü yerə yüksəlməklə bu sahədə davamlı artım nümayiş etdirib.
“Bu böyük uğur tarixi irsimizin və mədəni sərvətimizin, güclü infrastrukturumuzun və dörd mövsümü əhatə edən turizm müxtəlifliyinin səmərəli təbliğinin nəticəsidir”, – deyə nazir qeyd edib.