İsrail prezidenti İsaak Hersoqun Türkiyəyə səfər edərək prezident Rəcəb Tayyib Ərdoğanla görüşməsi Ankara və Tel-Əviv arasında bir müddətdir davam edən normallaşma prosesinin yeni mərhələyə keçdiyini göstərir. İki dövlət arasında 15 ilə yaxındır müşahidə olunan soyuqluğun ortadan qalxması isə ümumilikdə Yaxın Şərq regionun geosiyasi mənzərəsini dəyişdirə biləcək potensial daşıyır.
Normallaşma prosesi çərçivəsində birgə əməkdaşlıq imkanları və tərəflərin bir-birindən gözlədiyi təktərəfli güzəştlər və jestlər mövcuddur. Birgə əməkdaşlıq dedikdə prioritet olan ilk məsələ Şərqi Aralıqda yerləşən İsrail təbii qazının Avropa istehlakçılarını çatdırılmasıdır. İllərdir müzakirə olunan bu məsələ region ölkələri arasında qütbləşmə yaratmış, İsrail-Yunanıstan-Cənubi Kipr üçlüyünün “EastMed” layihəsini gündəmə gətirmişdi. Lakin Türkiyənin bu layihəyə aktiv şəkildə qarşı çıxması, rentabellik və digər səbəblərə görə “EastMed” yetərincə beynəlxalq dəstək əldə edə bilməmişdi. Türkiyənin əsas tələbi İsraildən gələn qaz xəttinin öz ərazisində olan qaz infrastruktuna inteqrasiya edilməklə Yunanıstana ötürülməsi idi. Bu da İsrail üçün əlverişli alternativ sayıla bilər. Elə bu çərçivədə 13 martda Yunanıstan baş nazirinin Türkiyə səfər etməsi Şərqi Aralıq qazının nəqlinin qarşıdurma yerinə, əməkdaşlıq formatında reallaşdırılmasının önünü aça bilər.
İsrail-Türkiyə normallaşmasında təktərəfli gözləntilər də hər iki tərəf üçün ciddi önəm kəsb edir. Türkiyənin Yaxın Şərq üzrə tanınmış ekspertlərindən olan Gökhan Çınkara bu normallaşmanın Ankaraya Vaşinqtondakı İsrail lobbisi vasitəsilə ABŞ-la münasibətlərini bərpa etdirmək imkanı yarada biləcəyini qeyd edir. Çınkaranın fikrincə, İsrail lobbisi xüsusilə Türkiyəyə neqativ münasibətdə olan ABŞ Konqresində Ankaranın imicini yaxşılaşdıra bilər. Vaşinqtonla münasibətlərin qaydaya salınması Türkiyənin regional maraqları üçün böyük əhəmiyyət kəsb etməklə yanaşı, gələn il keçirilməsi nəzərdə tutulan prezident seçkilərində Ərdoğan hökumətinin hərəkət imkanlarını artıra bilər.
İsrailli ekspert Elmas Dean isə hesab edir ki, Tel Əvivin Ankaradan əsas gözləntilərindən biri İsrailə qarşı ən sərt münasibətdə olan Fələstin təşkilatı Həmasla münasibətləri yenidən nəzərdən keçirməsidir. Məlum olduğu kimi, Türkiyə uzunmüddətdir ki, Həması siyasi və maddi cəhətdən himayə edir və təşkilatın mərkəzi ofisi də İstanbulda yerləşir. Dean hesab edir ki, Ankaranın İsraillə normallaşmada səmimiliyi məhz Həmasın ölkədəki fəaliyyətini məhdudlaşdırılması ilə müəyyən oluna bilər.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, İsrail Türkiyə ilə yaxınlaşmanı yaxın günlərdə ABŞ-la nüvə müzakirələri aparan və bu çərçivədə ciddi irəliləyiş əldə edən İranın mümkün müqavilədən sonra regionda hərəkət imkanlarının artmasına qarşı önləyici manevr kimi görür. Demokratların İranın nüvə məsələsinə qarşı münasibətini dəyişə bilməyən İsrail regiondakı aktorlarla əməkdaşlığını genişləndirərək, Tehranın regional çərçivədə əhatələnməsini təmin etməyə çalışır.
Türkiyə və İsrail normallaşması hər iki ölkə ilə çox yaxın münasibətləri olan, hətta, bu normallaşmada önəmli vasitəçilik rolu oynadığı iddia olunan Azərbaycanın maraqları ilə də uyğunluq təşkil edir. Xüsusilə, Türkiyə-İsrail arasında təbii qaz məsələsində əməkdaşlıq potensialı Türkiyə ərazisindən keçən önəmli qaz nəqli infrastrukturu layihələri reallaşdırmış Azərbaycanın da bu prosesə daxil olmasına imkanlar yarada bilər.